İngiltərə təmsilçisi “Sanderlend”in yarımmüdafiəçisi və İsveçrə millisinin kapitanı Qranit Caka saxta COVID-19 sertifikatları əldə etməkdə şübhəli bilinir.
Elchi.az xəbər verir ki, bu barədə İsveçrənin “Blick” nəşri məlumat yayıb.
33 yaşlı futbolçu ilə bağlı ölkəsinin hakimiyyət orqanları araşdırmaya başlayıb. Lütsern prokurorluğu faktla bağlı rəsmi istintaq açıb və Cakanı oktyabrın əvvəlində ifadə verməyə çağırıb.
Qeyd olunur ki, futbolçu təqsirsizlik prezumpsiyasından yararlanır. Lakin ittihamın təsdiqlənəcəyi təqdirdə onu 5 ilədək həbs cəzası gözləyə bilər.
Caka son oyunundan sonra məsələ ilə bağlı sualı cavablandırmaqdan imtina edib:
“Bununla bağlı şərhim yoxdur. Bu gün futbol oynadım və hazırda mənim üçün vacib olan budur. Daha pis şeylərdən keçmişəm”.





















