Rusiya prezidenti Vladimir Putin Yaxın Şərqdəki vəziyyətə regiondankənar güclərin qarışdığını və bunun dünyanı təhlükəli həddə çatdırdığını bildirib.
Elchi.az xəbər verir ki, Kreml Sarayından verilən açıqlamaya görə, Putin sarayda Rusiya hərbi məktəbi və universitetlərinin məzunları ilə görüşüb.
Burada çıxış edən Putin Yaxın Şərq bölgəsindəki vəziyyətə toxunaraq, “Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib. Vəziyyətdə regiondankənar qüvvələr də var. Bütün bunlar dünyanı təhlükəli nöqtəyə gətirir” deyib.
Qərb ölkələrinin Rusiyanı məğlub etməyə çalışdığını və Ukraynaya hərbi və maliyyə dəstəyini davam etdirdiyini bildirən Putin, NATO-nun hərbi potensialını gücləndirmək planlarından əl çəkmədiyini, qlobal hərbiləşməni və silahlanma yarışını təhrik etdiyini bildirib.
“Geosiyasi gərginliyin artmasını nəzərə alaraq, biz Rusiyanın və müttəfiqlərimizin təhlükəsizliyinin gücləndirilməsi, Rusiyanın suveren və müstəqil inkişafının qarantiyası olan Silahlı Qüvvələrimizin inkişafı üçün lazımi tədbirləri davam etdirəcəyik”, – deyə Putin bildirib.
Pilotsuz uçuş aparatları bölmələri formalaşdırmağa başladıqlarını bildirən Putin, rus qoşunlarının hərbi potensialını artırmaq üçün işlərini davam etdirəcəklərini vurğulayıb.
Rusiyanın nüvə triadasına önəm verdiklərini və onu müasir sistemlərlə təchiz etməyə davam edəcəklərini bildirən Putin, “Oreşnik” ballistik raket sisteminin kütləvi istehsalına başlayacaqlarını qeyd edib.
Nuranə Məmmədova


















