Polşa parlamenti səkkiz illik populist-millətçi hökumətdən sonra ötən gecə Avropayönlü qüvvələr koalisiyasının lideri Donald Tusku baş nazir təyin edib.
Elchi.az xəbər verir ki, 248 deputat Tuskun lehinə, 201 deputat isə əleyhinə səs verib. Donald Tuskun Avropa İttifaqı tərəfdarı alyansının nəzarətində olan Seym (Parlament) 2015-ci ildən hakimiyyətdə olan millətçi populistlərin yeni hökumət təklifini rədd edib.
Avropa İttifaqı Şurasının keçmiş prezidenti Tusk baş nazir seçildikdən sonra 15 oktyabr seçkilərində göstərdiyi etimada görə Polşa xalqına təşəkkür edib.
“Bu, uzun illər hər şeyin yaxşılaşacağına, qaranlığı və pisliyi qovacağımıza inanan hər kəs üçün əla gündür. Sabahdan biz səhvləri düzəldə biləcəyik, buna görə də hər kəs Polşada özünü evdəki kimi hiss edəcək”, – Tusk dedi.
Şayəstə Hüseynova