Polşa və Baltikyanı ölkələr Rusiyanın Rosatom dövlət korporasiyasını Avropa İttifaqının yeni 11-ci sanksiyalar paketinə daxil etməyə çalışır. Elchi.az bu barədə Ria Novostiyə istinadən məlumat yayır.
Varşava və Baltikyanı ölkələrin hazırladığı sənədə əsasən, şirkətin idarə heyətinin üzvlərinə qarşı sanksiyaların tətbiqi təklif edilir. Bir sıra Avropa ölkələri də Rosatom ilə yeni müqavilələrə qadağa qoyulmasını, Rusiyanın nüvə enerjisinə sərmayə qoyuluşunun və Rusiyadan zənginləşdirilmiş uranın Aİ-yə idxalına qadağa qoyulmasını tələb edir.
Avropa ölkələrinin Rosatom ilə biznes, müqavilələr və digər razılaşmalar sahəsində əməkdaşlıqdan çıxması üçün iki illik keçid dövrünün yaradılması planlaşdırılır. Eyni zamanda, Polşa Macarıstan üçün Rusiya tərəfinin iştirakı ilə Paks AES-in tikintisinin başa çatdırılmasını doqquz il nəzərdə tutan xüsusi rejim təklif edir.
Havar Şəfiyeva