ABŞ-da baş komandan ciddi problem kimi qəbul edilir.
Elchi.az xəbər verir ki, ABŞ Müdafiə Nazirliyi Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnının dərhal istefaya göndərilməsini tələb edərək, Ukrayna hakimiyyətinə təzyiq göstərir. Bu barədə “Le Temps” qəzeti Ukrayna müdafiə nazirliyindəki mənbəyə istinadən yazır.
“Mən öz qulaqlarımla eşitdim ki, Amerikanın yüksək rütbəli hərbi məmurları Valeri Zalujnının ciddi problem yaratdığını, hətta onun Ukraynanın ABŞ-dan davamlı hərbi yardım almasına əngəl törətdiyini deyiblər”, – nəşr adının açıqlanmayan ukraynalı həmsöhbətindən sitat gətirir.
Materialda deyilir ki, Zalujnı döyüş meydanında fəlakətli vəziyyətə gətirib çıxaran çoxlu sayda səhvlərə yol verib. Pentaqonun məlumatına görə, baş komandan kifayət qədər texnika tələb etməyib və rus qoşunlarının müqavimətini zəif qiymətləndirib.
Həmçinin ABŞ-ın təzyiqinə səbəb Vladimir Zelenskinin Rusiya və Ukrayna arasında mümkün danışıqlarda kompromis əldə etməyə ən çox meylli olması olub. Eyni zamanda, Ağ Ev hesab edir ki, Valeri Zalujnı onun mövqeyi ilə razı deyil və əraziləri ələ keçirmək üçün mübarizəni davam etdirməyi planlaşdırır.
Şayəstə Hüseynova