“Brüssel görüşündən dərhal sonra Azərbaycanla sülh anlaşmasına hazır olduqlarını və bunun üçün qətiyyət göstərmək lazım gələcəyini deyən Ermənistan baş naziri Nikol Paşinyanın Vladivostokda başqa şeylər sərsəmləməsi təkcə onun özü haqda qeyri-ciddi adam imici yaratmır. Paşinyan bu açıqlamasıyla əslində göstərməyə çalışır ki, Ermənistan sülhə hazırdır, ancaq Rusiya qoymur. Çünki məhz Rusiyanın dövlət başçısı Vladimir Putinlə görüşdən sonra o, cənab İlham Əliyevlə razılığa gəlmədiklərini açıqladı”.
Elchi.az-ın məlumatına görə, bu barədə millət vəkili Sahib Alıyev Feysbuk hesabında bildirib:
“Xatırladım ki, Vladivostokdakı forumda etdiyi çıxışında Ermənistan baş naziri ölkəsinin Türkiyə ilə əlaqələrinin normallaşmasında da Rusiyadan kömək istəmişdi. Maraqlıdır deyilmi, Türkiyə ən yüksək səviyyədə Ermənistanla əlaqələri yoluna qoymağa hazır olduğunu bildirir və bu yöndə əməli addımlar da atır. Qarşı tərəf də belə bir istəyinin olduğunu deyir. Sual olunur, bəs onda burada Rusiyanın yardımına nə ehtiyac var?
Beləliklə, aydın görünür ki, Paşinyan bu çıxışıyla ölkəsinin Türkiyə ilə əlaqələrinin normallaşmasının məhz Rusiya qarşısını kəsdiyini göstərməyə çalışırdı. Onun Rusiyadan Türkiyə ilə əlaqələrin normallaşmasına yardım istəyinin diplomatik dildən tərcüməsi bu idi ki, buna maneçilik törətmə.
Və öncə də bildirmişdim, tamamilə mümkündür ki, belə bir xahişi dilə gətirməsi ona diqtə edilmişdi. Görünür, bir gecədə Avropa Birliyi ilə Assosiasiya anlaşmasından imtina edə Serj Sərkisyanla 2013-cü ildə hansı dildə danışılmışdısa, Vladivostokda da Paşinyanla o dildə danışılıb.
İndi o da Rusiyanın uzaq şərqindən qərbdəki yaxınlarına çatdırlr ki, Ermənistan forpostudur, onun Azərbaycanla sülh anlaşması bağlayıb-bağlamayacağını, Türkiyə ilə əlaqələri normallaşdırıb-normallaşdırmayacağını rəsmi İrəvan yox, Kreml həll edir”.
Yeganə