Türkiyə prezidenti qondarma erməni soyqırımına toxunub
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan növbəti dəfə qondarma erməni soyqırımı məsələsinə toxunub.
ANS TV-nin məlumatına görə, Ərdoğan Türkiyə hökumətinin heç bir zaman kimlərinsə, sifarişi ilə qondarma erməni soyqırımını tanımayacağı bəyanatını verib. Ərdoğan həmçinin problemin həllini isə, qarşılıqlı olaraq tarixi mənbələrin araşdırılması və arxiv tədqiqatların aparılmasında gördüyünü deyib.
“Türkiyə təqsirkardır. Belə deməklə Türkiyə təqsirkar olmaz. Arxivlərimizdə səhv addımlarla yanaşı, qarşı tərəfin də törətdiyi qətliamlar da var. Bunlar da sənədli faktlardır. Bütün bunları birgə əməkdaşlıq çərçivəsində müzakirə edib, dəyərləndirməliyik. Əhməd bəy xarici işlər naziri ikən İsveçrədə də bir proses başlatdıq. Orada da danışıqlardan qaçdılar. Qaçan onlardır. Amma biz yenə qovalayacağıq dedik. Mütəmadi olaraq əlaqədar olmayan ölkələrə gedib oralardan özlərinə görə bir qərar çıxardılar. Həmin ölkədən soruşsan ki, Ermənistan haradadır? Xəritədə yerini göstərə bilməz. Bu cür ölkələrdə bir neçə adamı müxtəlif yollarla ələ keçirib parlamentdə qərar qəbul etdirirlər”, – deyə Ərdoğan bəyanatında bildirib.
Fransa prezidenti Fransua Olland isə bildirib ki, illərdir gərgin olan Türkiyə və Ermənistan münasibətlərində yeni başlanğıc üçün hər iki xalq tabuları yıxmalıdır. Olland “soyqırım”ın 100 illiyi ilə bağlı Türkiyə hökumətindən “etiraf jesti” gözlədiyini bildirib. O, həmçinin aprelin 24-də 1915-ci il hadisələrinin anım mərasimi üçün İrəvana gedəcəyini də açıqlayıb.
ANS-TV