ABŞ-da Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) keçmiş əməkdaşları da daxil olmaqla 287 şəxs prezident Donald Trampın büdcəni azaltma planlarını kəskin şəkildə pisləyən məktub yazıb.
Elchi.az xəbər verir ki, CNN NASA-nın 287 keçmiş və indiki əməkdaşının agentliyin müvəqqəti direktoru Şon Daffiyə məktubu barədə məlumat yayıb.
“The Voyager Memorandumu” adlanan məktubda administrasiyanın NASA üçün planlaşdırdığı büdcə kəsirləri tənqid edilib və “Son altı ayda həyata keçirilən sürətli və israfçı dəyişikliklər NASA-nın işçi qüvvəsinə dağıdıcı təsir göstərib” ifadəsi işlədilib.
Məktubda NASA-da strateji dəyişikliklərə ehtiyac olduğu vurğulanaraq, “Bu ixtiyari ixtisarlar qanuna zidd olaraq həyata keçirilib. Nəticələri həm agentlik, həm də ölkə üçün ağırdır” ifadəsi işlədilib.
Prezident Tramp nəqliyyat naziri Şon Daffini iyulun 10-da NASA-nın müvəqqəti direktoru vəzifəsinə təyin edib. Həmin gün NASA-nın 2145 yüksək rütbəli əməkdaşının Tramp administrasiyasının federal işçi qüvvəsini azaltmaq səyləri çərçivəsində işlərini tərk etməyə hazırlaşdığı iddia edilib. Bu şəxslərin əksəriyyətinin Trump administrasiyasının təklif etdiyi erkən təqaüdə çıxmaq, işdən çıxma haqqı ilə könüllü ayrılma və ya təxirə salınmış istefa variantları altında vəzifələrindən ayrılacağı iddia edildi.
Şayəstə Hüseynova


















