Moldova və Rumıniya arasında ABŞ-nin vəsaiti hesabına tikiləcək yeni yüksəkgərginlikli elektrik verilişi xətti (EVX) “Trump Liberty Line” (“Tramp Azadlıq Xətti”) adlandırılacaq.
Elchi.az xəbər verir ki, bu barədə ABŞ-nin Kişinyovdakı səfirliyi məlumat yayıb.
“Energetika Nazirliyi, “Moldelectrica” şirkəti, “Black & Veatch” və ABŞ-nin Kişinyovdakı səfirliyi “Trump Liberty Line Straşeni – Qutinaş” Tramp Azadlıq Xətti layihəsi üzrə işçi qrupu yaratdıqda Moldovanın enerji gələcəyi üçün mühüm bir addım atıldı. ABŞ hökumətinin 130 milyon dollar məbləğində investisiyası ilə dəstəklənən bu layihə Moldova Respublikasının energetika təhlükəsizliyini və müstəqilliyini möhkəmləndirəcək, müxtəlif sektorlarda Amerika biznesi və texnologiyaları üçün imkanları genişləndirəcək, həmçinin ABŞ ilə Moldova Respublikası arasında iqtisadi tərəfdaşlığı dərinləşdirəcək”, – deyə diplomatiya nümayəndəliyinin “Facebook” səhifəsindəki məlumatda bildirilir.
Qeyd olunub ki, Moldova ilə Rumıniya arasında yeni 400 kV-luq elektrik ötürücü xəttinin uzunluğu 190 km olacaq. Bunun 70 km-i Moldova, 120 km-i isə Rumıniya ərazisindən keçəcək. Bu, “Vulkaneşti-Kişinyov” və “Balti-Suçeava” layihələrindən sonra iki qonşu ölkə arasında üçüncü yüksək gərginlikli elektrik xətti olacaq.
Məryəm





















