Fransa Prezidenti Emmanuel Makron bəyan edib ki, uşaqları qorumaq məqsədilə süni intellekt modelləri yoxlanılmalıdır.
Elchi.az xəbər verir ki, Makron Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində keçirilən, süni intellekt dövründə uşaq hüquqları və onların müdafiəsinə həsr olunmuş koalisiya iclasında iştirak edib.
İclasda çıxış edən Makron qeyd edib ki, tarixdə ilk dəfə olaraq danışmaq, cavab vermək və sevgi və ya maraq əlamətlərini təqlid etmək qabiliyyətinə malik texnologiyalar uşaqların təhsilində mərkəzi yer tutmağa başlayıb.
“Son illərdə biz sosial media platformalarının gənclərimizin şəxsi məkanına müdaxilə etməsinə yol verdik – ta ki, onlar həmin məkanda həddindən artıq çox yer tutana qədər”, – deyə Makron bildirib və uşaqları bu platformalardan qorumağa yönəlmiş yeni qaydaları elan etdiyinə görə Avropa Komissiyasının sədri Ursula fon der Lyayenə təşəkkürünü ifadə edib.
Bu mərhələyə çatmağın on il vaxt apardığını vurğulayan Makron sözlərinə belə davam edib:
“On il ərzində biz uşaqlarımızın və yeniyetmələrimizin, özümüzün də hələ tam dərk etmədiyimiz və kəşf etməkdə olduğumuz bir sistem daxilində inkişaf etməsinə imkan verdik. Onların duyğu və idrak inkişafını, əslində onlar üçün nəzərdə tutulub-tutulmadığını bilmədiyimiz bir mühitdə keçirmələri bizi xüsusilə təəccübləndirmədi. İndi isə aydın olub ki, həmin mühit onlar üçün nəzərdə tutulmayıbmış”.
Şayəstə





















