“Şuşa Qlobal Media Forumu çox uğurlu təşəbbüsdür. Çünki bu forum müxtəlif ölkələrdən məsul şəxsləri və vətəndaş cəmiyyəti nümayəndələrini bir araya gətirir”.
Elchi.az xəbər verir ki, bunu Mərakeş Krallığının Audiovizual Kommunikasiya üzrə Ali Qurumunun (HACA) prezidenti Latifa Akharbach deyib.
O bildirib ki, forumda 53 ölkədən nümayəndələr çox vacib bir məsələni müzakirə etmək üçün bir araya gəliblər: “Burada medianı və jurnalistikanı elə bir ekosistemin və ictimai mühitin formalaşdırılmasına necə cəlb etməyin mümkünlüyünü müzakirə edirik ki, bu, sülh mədəniyyətini təşviq etsin və münaqişələrin qarşısının alınmasına töhfə versin. Mən burada gördüklərimdən, eləcə də cənab Prezident İlham Əliyevin çıxışından belə nəticəyə gəlirəm ki, dialoq son dərəcə vacibdir”.
Latifa Akharbach qeyd edib ki, media insanların dünyaya baxışını formalaşdıran əsas vasitələrdən biridir: “Media insanların dünyanı görməsinə imkan verən bir pəncərə kimidir. Lakin media və kommunikasiya sahəsində baş verən rəqəmsal transformasiya nəticəsində bu pəncərə getdikcə əks-səda otağına çevrilir və biz buna qarşı çox diqqətli olmalıyıq. Şuşa Qlobal Media Forumu ortaq dəyərlərin və ümumi prinsiplərin formalaşmasına mühüm töhfə verir. Bu forum beynəlxalq ictimaiyyətə xatırladır ki, media münaqişələri alovlandıran alətə çevrilməməlidir. Bütün ölkələr üçün ən böyük təhlükələrdən biri medianın qütbləşməyə və nifrət nitqinin yayılmasına xidmət etməsidir”. (apa)





















