Leyla Əliyeva Buffenin sərgisinin açılışında- Fotolar
Bu gün Bakıda, Heydər Əliyev Mərkəzində məşhur fransız rəssamı Bernar Buffenin fərdi sərgisinin
açılış mərasimi olub.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva açılış mərasimində iştirak ediblər.
Leyla Əliyeva çıxışında Buffenin yaradıcılığı ilə iki il bundan əvvəl tanış olduğunu bildirib.
“Mənim üçün onun əsərləri emosiya, hisslər və dərinliklə doludur. Hətta onun ən kədərli və tünd çalarlı əsərləri yenə də müsbət enerji verir və əhval-ruhiyyəni yüksəldir.
Buffe yaradıcılığı boyu 12 mindən çox əsər yaradıb. Çox parlaq, dramatik, maraqlı həyat yaşamasına baxmayaraq, o, demək olar ki, unudulub. Əminəm ki, bugünkü sərgi vasitəsilə xeyli insan bu böyük rəssam haqqında məlumat əldə edə biləcək”.
Rəssamın Bakıdakı ilk fərdi sərgisində 43 əsəri nümayiş olunur. Onların sırasında müəllifin “Sirk”, “Dantenin cəhənnəmi”, “Dərisi soyulmuşlar” silsilələrindən rəsmləri, eyni zamanda, avtoportretləri yer alıb.
Sərginin təşkili ərəfəsində Bernar Buffenin əsərlərinin reproduksiyasından ibarət kataloq nəşr olunub.
Bernar Buffenin Heydər Əliyev Mərkəzindəki sərgisi 2015-ci il yanvarın 15-dək davam edəcək.
