Rusiya Ukrayna və Moldovanın Avropa İttifaqına namizədliklə bağlı üzv statusu almasında özü üçün heç bir risk görmür.
Elchi.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramov ilə birgə Bakıda keçirilən mətbuat konfransında deyib.
“Avropa İttifaqı Şimali Atlantika Alyansından (NATO) fərqli olaraq hərbi blok deyil. Bura qoşulan ölkə ilə münasibətlərin inkişafı bizim üçün heç bir təhlükə və risk yaratmır”, – deyə Lavrov Ukraynaya namizəd statusunun verilməsinə münasibət bildirib.
Qeyd edək ki, ötən gün Avropa İttifaqının (Aİ) sammitində Ukrayna və Moldovanı sevindirən, Gürcüstanda isə məyusluq doğuran qərar qəbul edilib. Belə ki, Ukrayna və Moldovaya Avropa İttifaqına üzvlüklə bağlı namizəd statusu verilib. Gürcüstana gəlincə, bu ölkədə hələ islahatların aparılmalı olduğunu bəyan edən Aİ rəhbərliyi statusun verilməsindən imtina edib.