Latviya Xarici İşlər Nazirliyi Rusiyanın müvəqqəti işlər vəkilini çağırıb.
Elchi.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu barədə Latviyanın xarici siyasət idarəsinin bəyanatında bildirilib.
Diplomatın çağırılmasına səbəb Ukraynanın Slavyansk şəhərinə endirilən və Latviyanın fəxri konsulluğunun binasının zədələnməsi ilə nəticələnən Rusiya zərbəsidir.
Latviya Xarici İşlər Nazirliyindən bildirilib ki, hücum nəticəsində Latviyanın Slavyanskdakı fəxri konsulu Aleksandr Pavenko xəsarət almayıb, lakin konsulluğun iki əməkdaşı yaralanıb.
Qurum həmçinin məlumat verib ki, Rusiya diplomatına etiraz notası təqdim edilib.
“Latviya Slavyansk şəhərinə hücuma və ölkənin fəxri konsulluğu binasının dağıdılmasına görə Rusiyanı qəti şəkildə pisləyir”, – bəyanatda bildirilib.
Daha əvvəl bildirilmişdi ki, Rusiyanın Slavyanska endirdiyi zərbə nəticəsində Latviyanın fəxri konsulluğu zədələnib.



















