Cənubi Koreya, “ChatGPT”nin tərtibatçısı olan “OpenAI” şirkəti ilə süni intellekt təhlükəsizliyi sahəsində əməkdaşlıq sazişi imzalayan dünyada dördüncü ölkə olub.
Elchi.az xəbər verir ki, “Yonhap” agentliyinin verdiyi məlumata görə, bu barədə ölkənin Elm və İnformasiya-Kommunikasiya Texnologiyaları Nazirliyi xəbər yayıb.
Anlaşma memorandumuna əsasən, Cənubi Koreyanın Süni İntellekt Təhlükəsizliyi İnstitutu (AISI) və “OpenAI” süni intellektin təhlükəsizliyini qiymətləndirmək üçün qlobal sistemin yaradılması istiqamətində birgə fəaliyyət göstərəcəklər.
Sənəd, həmçinin Koreya dilinin xüsusiyyətlərini və ölkənin sosial kontekstini nəzərə almaqla, süni intellektin risklərini qiymətləndirmə metodologiyasının hazırlanması üçün texniki məlumat mübadiləsini də nəzərdə tutur.
Daha əvvəl “OpenAI” analoji sazişləri ABŞ, Böyük Britaniya və Yaponiyanın müvafiq qurumları ilə imzalamışdı.
Nazirlikdən qeyd ediblər ki, bu yeni tərəfdaşlıq qabaqcıl süni intellekt sistemlərinin risklərinin qiymətləndirilməsi və müvafiq təhlükəsizlik standartlarının hazırlanması üzrə beynəlxalq əməkdaşlıq şəbəkəsində Cənubi Koreyanın mövqeyini gücləndirəcək.
Yaxın vaxtlarda AISI və “OpenAI” nümayəndələrinin praktiki qarşılıqlı fəaliyyət mexanizmlərini razılaşdırmaq üçün işçi görüşü keçirəcəkləri gözlənilir.
Məryəm





















