Avropa İttifaqının (Aİ) müdafiə nazirləri ayrı-ayrı üzv dövlətlərin sərəncamında olan “Patriot” raket ehtiyatlarının Ukraynaya ötürülməsi ilə bağlı razılığa gələ bilməyiblər.
Elchi.az xəbər verir ki, TASS-ın məlumatına görə, bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas bildirib.
“Bu gün raketlərin ötürülməsi ilə bağlı heç bir yeni qərar qəbul edilməyib”, – deyə o qeyd edib.
Aİ-nin yüksək rütbəli diplomatının sözlərinə görə, birliyin qarşısında yalnız bir seçim qalır: ayrı-ayrı üzv dövlətlər öz mövcud ehtiyatlarını Ukraynaya ötürməli və bunun müqabilində, Ukraynanın hərbi maliyyələşdirilməsi üçün nəzərdə tutulmuş 90 milyard avroluq fond hesabına ödəniləcək yeni təchizatlar əldə etməlidirlər.
Polşa daha əvvəl Ukraynaya “Patriot” sistemi üçün raketlərin istehsalı məqsədilə Polşa ərazisində zavod tikməyi təklif etmişdi. Varşava aydınlıq gətirib ki, Kiyev Vaşinqtondan müvafiq lisenziyanı əldə edəcəyi təqdirdə bu təklif qüvvədə qalır.
Sentyabrın 25-də Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Kremlin Ukraynaya silah istehsalı üçün lisenziya verən ölkələri izləyir.
Yeganə





















