Reuters: İsveçrə təzyiqlərə görə Ukraynaya silah tədarükündə neytrallıqdan əl çəkməyə yaxındır
Elchi.az xəbər verir ki, İsveçrə ona edilən təzyiqlərə görə Kiyevə silah tədarükü məsələsində neytrallıqdan əl çəkməyə yaxındır. Bu barədə Reuters yazır.
Nəşrin yazdığına görə, Bern Berlin və Kopenhagenin tələbini rədd etdikdən sonra təzyiq altındadır. Avropa İttifaqındakı müttəfiqlər İsveçrənin silahların təkrar ixracına qoyulan qadağasını yumşaltmaq niyyətindədir.
Ölkənin sağ mərkəzçi Azad Demokratik Partiyasının lideri Thierry Barkart, İsveçrə hökumətinə silahların “İsveçrə ilə eyni demokratik dəyərlərə malik” ölkələrə təkrar ixracına icazə verməsini təklif etdi.
“Biz neytral olmaq istəyirik, lakin biz Qərb dünyasının bir hissəsiyik… Başqalarının Ukraynaya kömək etməsinə mane olmaq üçün vetomuz olmamalıdır. Bunu etsək, Rusiyanı dəstəkləyəcəyik və bu, neytral mövqe deyil”, – deyə siyasətçi bildirib.
Sotomo sorğusuna əsasən, seçicilərin yarıdan çoxunun (55%) Kiyevə silahların təkrar ixracına icazə verilməsinin tərəfdarı olduğu bildirilir. Bununla belə, İsveçrə Xalq Partiyasından (SVP) deputat David Zuberbühler bildirib ki, münaqişədə iştirak edən ölkəyə silah göndərilməsinə icazə verilməsi İsveçrədə “sülhün və rifahın təməlini məhv edir”.
Xatırladaq ki, bu il yanvarın sonunda İsveçrə parlamenti İsveçrə istehsalı olan silahların Ukraynaya təkrar ixracına dair təşəbbüsü təsdiqləyib. Milli Məclisin komitəsi bu dəyişikliklərin neytrallıq haqqında qanuna uyğun olduğunu bildirib.
Şayəstə