Mingəçevir İES-də bir neçə gün əvvəl baş vermiş yanğın hadisəsi ölkəmizdə bir sıra ciddi problemlərə səbəb oldu.
Baş vermiş məsələni havanın temperaturunun kəskin yüksəlməsi və əhalinin soyutma sistemlərinə tələbatının artması nəticəsində Mingəçevir İES-in yüklənməyə məruz qalması ilə əlaqələndirirlər.
Bunu dünyada baş verən hadisələrlə birləşdirsək, görərik ki, həqiqətən də yalnız, Azərbaycan qlobal istiləşmədən əziyyət çəkmir. Bəs qlobal istiləşmə nədir?
Minval.info xəbər verir ki, qlobal istiləşmə atmosferə ötürülən istixana qazlarının təsiri nəticəsində quruda, dənizdə, havadakı normal istiliyin yüksəlməsidir. Yəni burada “istilik” deyəndə, yaz aylarında üzümüzə vuran sərin xəzri küləyi, qar yağarkən içdiyimiz isti qəhvənin bizə verdiyi xoş istilik deyil də, qazanın içərisində suyun həddindən artıq qızması nəzərdə tutulur. Üstəlik bu səfər həmin qazanın içərisindəki bizik.
Bəs istixana qazları nədir?
Əvvəlcə qeyd edək ki, istixana qazları normal həddə olduğu müddətcə dünyamız üçün faydalıdır. İstixana qazları atmosferdə mövcud olan və günəşdən gələn yandırıcı istiliyi özündə saxlamaq xüsusiyyətinə sahibdir. Su buxarı, karbon dioksid, metan, ozon qazları istixana qazlarının tərkib hissəsidir.
Bəs dünyada karbondioksid artarsa nə olar?
Karbondioksid artdıqca günəş enerjisi atmosferə daha tez daxil olur, günəş şüaları, radiasiya yer kürəsinə daha rahat yol tapır, okeanlar daha çox isinir, buzlar əriyir və nəticədə dünyada havanın temperaturu artır. Mütəxəssislər iqlim dəyişikliyini əsas səbəbi kimi insan amilini göstərirlər. Tikilən zavodlar, fabriklər, hətta evdə istifadə etdiyimiz ətirlər belə atmosferdə karbon dioksidin səviyyəsini artırır. Bəzi geoloji araşdırmalar atmosferdə mövcud olan karbondioksid səviyyəsinin 20 milyon ilin ən yüksək səviyyəsini göstərir. Hər il atmosferə 30 milyard tondan artıq karbondioksid göndərərək, dünyamızı sonuna doğru yaxınlaşdırmış oluruq.
Meşə sahəsinin geniş yayıldığı ölkələrdə kütləvi sürətdə yaşıllığın azalması müşahidə olunur. Meşə yanğınları, isti hava dalğaları, güclü tropik qasırğalar həddən artıq yüksələn istiliklə əlaqədardır. Eyni zamanda artan istilik səbəbi ilə səhralaşan və səhralaşmağa doğru gedən ərazilərdə artış görünməkdədir. Bəzi alimlərsə, Marsda yaşam qurmaq üçün qlobal istiləşməni artırmağı belə düşünür.