İsrail Ukraynanı mənəvi cəhətdən dəstəkləməkdə və ölkəyə qeyri-hərbi yardım göstərməkdə davam edir, lakin Rusiya Federasiyasının Yaxın Şərqdəki təsirini və Rusiyada yaşayan böyük yəhudi icmasının maraqlarını nəzərə almaya bilməz.
Elchi.az Rusiya xəbər agentliyinə (TASS) istinadən xəbər verir ki, bu barədə İsrailin xarici işlər naziri Eli Koen cümə günü dərc olunan “The Jerusalem Post” qəzetinə müsahibəsində bildirib.
Qəzet qeyd edir ki, nazirin bəyanatı Kiyevin İsrail və Rusiya diplomatları arasında davam edən təmaslardan narazılığını ifadə edən tənqidinə cavab olaraq verilib. Koen öz növbəsində İsrailin milli təhlükəsizlik maraqlarını rəhbər tutduğunu və Rusiyadakı yəhudi diasporunun rifahının qayğısına qaldığını vurğulayıb.
“Rusiya Yaxın Şərqdə oyunçudur və Rusiyada yüz minlərlə yəhudi yaşayır. Ona görə də biz Ukraynaya dəstək vermək üçün mənəvi mövqe nümayiş etdiririk, eyni zamanda öz təhlükəsizlik maraqlarımızı və Yəhudi Agentliyinin Rusiyadakı maraqlarını qoruyuruq”,- deyib.
İsrail Xarici İşlər Nazirliyinin rəhbəri bir daha vurğulayıb ki, Yaxın Şərqdə Kiyevə xarici işlər naziri göndərən yeganə ölkəyik. Bu, nəsə deməkdir”,-ifadəsini işlədib.
Koenin sözlərinə görə, onun Kiyevə səfəri İsrailin Ukrayna ilə daha da həmrəy olduğunu təsdiqləyib. “Aydındır ki, biz Zelenskinin sülh sazişi, eləcə də Ukraynanın suverenliyi və ərazi bütövlüyü ilə bağlı mövqeyini dəstəkləyirik. İsrail və Ukrayna hərbçiləri hazırda Ukraynada raket xəbərdarlığı sisteminin yerləşdirilməsi üçün birgə işləyirlər”, – nazir əlavə edib.
Nuranə Məmmədova