İran: ABŞ “həddindən artıq tələblər”də israr etsə, razılaşma mümkün olmayacaq

İranın xarici işlər naziri Abbas Erakçi deyib ki, əgər ABŞ İranın uranın zənginləşdirilməsi üzrə fəaliyyətini tamamilə dayandıracağına təkid etsə, heç bir razılaşma olmayacaq.
Elchi.az xəbər verir ki, İran dövlət televiziyasında canlı yayımda çıxış edən Erakçi ABŞ ilə nüvə danışıqları prosesini dəyərləndirib.
Vaşinqtonla aparılan danışıqlarla bağlı qonşu ölkələri də məlumatlandırdıqlarını ifadə edən Erakçi, "Qonşuluq əlaqələrimiz indi çox yaxşı vəziyyətdədir. İran və ABŞ arasında aparılan danışıqlarla bağlı mütəmadi olaraq qonşularımızla məsləhətləşirik" deyib.
ABŞ-ın yenilənmədən tək tərəfli olaraq geri çəkildiyi “Birgə Hərtərəfli Fəaliyyət Planı” adlı 2015-ci il nüvə razılaşmasına geri dönüş ola bilməyəcəyini ifadə edən Erakçi, “Həm sanksiyaların qaldırılması bu dəyişikliyi zəruri edir, həm də İranın nüvə proqramı bu razılaşmadan əvvəlki səviyyəyə qayıda bilməyəcəyi bir vəziyyətdədir” deyib.
Erakçi ABŞ-ın İranın danışıqlar zamanı uran zənginləşdirmə fəaliyyətlərini dayandırması tələbini qəbul etməyəcəklərini, lakin ölkəsinin nüvə proqramı ilə bağlı narahatlıqları aradan qaldırmağa hazır olduğunu bildirib.
"Əgər onlar İran xalqının nüvə enerjisindən dinc məqsədlər üçün istifadə etmək hüququndan məhrum etmək istəsələr, heç bir razılaşma olmayacaq. Əgər ABŞ prezidentinin (Donald Tramp) məqsədi dəfələrlə bəyan etdiyi kimi, İranın nüvə silahı əldə etməsinin qarşısını almaqdırsa, bu məqsədə tam nail olmaq olar. Çünki biz nüvə silahı əldə etmək niyyətində deyilik", - deyə İranın xarici işlər naziri bildirib.
İranlı nazir sözlərinə belə davam edib:
"Mən bu məsələni açıq və birbaşa deyirəm. Əgər bizim nüvə silahı istehsal etmək niyyətimiz olsaydı, indiyə qədər bunu edərdik, çünki imkanlarımız var. Bizim bu iradəmiz yoxdur, çünki Rəhbərin (İran lideri Ayətullah Əli Xamenei) fətvası nüvə silahını qadağan edib. Üstəlik, bizim nüvə silahı və təhlükəsizlik strategiyamızda belə silahlara yer yoxdur".
Erakçi “qırmızı xətlərdən” geri çəkilməyəcəklərini, buna baxmayaraq danışıqları davam etdirəcəklərini bildirib.
Şayəstə Hüseynova