Ermənistanda yenidən etiraz aksiyaları başlayıb. Baş nazir Nikol Paşinyanın istefasını tələb edən müxalifət tərəfdarları paytaxtın Fransa meydanında toplaşıb, daha sonra 4 istiqamətdə yürüşə keçiblər.
Ermənistan parlamentinin vitse-spikeri, müxalifət lideri İşxan Saqatelyan xalqı hakimiyyət qüvvələrinə qarşı dirəniş göstərməyə və geri çəkilməməyə çağırıb:
“Bütün şəhəri iflic etməliyik. Yürüşlər geniş olmalıdır ki, polis onları saxlaya bilməsin”.
Ermənistan müxalifəti Paşinyanı Qarabağı təslim etməkdə ittiham edir. Maraqlıdır, müxalif tərəfdarları etiraz aksiyaları ilə nəyəsə nail ola bilərmi?
Sualımızı cavablandıran millət vəkili Asim Mollazadə Elchi.az-a açıqlamasında bildirib ki, hərbi cinayətkarlardan ibarət olan “Qarabağ klanı” Ermənistanın Türkiyə və Azərbaycanla münasibətləri normallaşdırmasından çox narahatdır. Lakin onlar kütləvi aksiya keçirsələr də, ölkədə siyasi dəstək qazana bilmirlər:
“Çox güman ki, Ermənistanda dəstək qazana bilmədiklərinə görə, ənənəvi üsullarına əl ata bilərlər. Söhbət terrordan gedir. Hər zaman məhz terror və hərbi cinayət üzərində öz işlərini quran bu qüvvələr yenə eyni üsula əl ata bilər. Xatırladım ki, Avropa yaxud Amerikadakı erməni terrorçular azadlığa buraxılıb, onlar Ermənistandadırlar. Hətta indiki aksiya zamanı bəziləri həbs olundu və yenidən azadlığa çıxdı. Onların hakimiyyəti ələ almaq üçün yeganə üsulu terror ola bilər. Çünki siyasi yollarla hakimiyyətə gələ bilməzlər. Paşinyanın isə hakimiyyətini və Ermənistanı xilas etmək üçün tək çıxış yolu var: Bu da Azərbaycanla Türkiyəyə qarşı ərazi iddialarına son qoyub, normal münasibətlər yaratmaq, sülh sazişi imzalayıb, Ermənistanın bölgədəki proseslərə inteqrasiyasını təmin etməkdir. Bölgədə sabitlik və normal mühit yaratmaq istəyən Azərbaycan Ermənistanı bu yola çağırır. Əks halda rəsmi İrəvanın hansısa revanşist ideyaları olacaqsa, Azərbaycanın “dəmir yumruğu” yerindədir”.
Yeganə