Firəngiz Əlizadə Rusiyada jüri sədri oldu

🗓 26.09.2014 00:23 ✍️ "Elçi" qəzeti
Bu günlərdə Rusiyanın şimal paytaxtı sayılan Sankt- Peterburq şəhərində məşhur rus bəstəkarı 757caa39463676b4fae37900d75fd508Andrey Petrovun adını daşıyan Bəstəkarların VIII Beynəlxalq Müsabiqəsi başa çatıb.   Azərbaycan Bəstəkarlar İttifaqından verilən xəbərə görə, sentyabrın 19-da Şostakoviç adına Sankt-Peterburq Akademik Filarmoniyasında müsabiqənin nəticəsini müəyyən edən seçim konserti baş tutub. Azərbaycan musiqi ictimaiyyəti üçün bu müsabiqənin əlamətdarlığının başlıca səbəbi müasir musiqinin ən tanınmış nümayəndələri olan Aleksandr Knayfel, Vladimir Tarnopolski, Aleksandr Radviloviç, Leonid Desyatnikov, Anatoli Korolyov, Valeri Platonov, Aleksandr Popov kimi bəstəkarlardan ibarət Münsiflər Heyətinə xalq artisti, professor Firəngiz Əlizadənin sədrlik etməsidir.   Öz yaradıcılığı boyu bir çox ilklərə imza atmış Firəngiz Əlizadəyə belə bir möhtəşəm layihədə bu cür etimadın göstərilməsi Azərbaycan bəstəkarlıq məktəbinə hörmətin xoş təzahürüdür. Çünki belə məşhur, beynəlxalq miqyaslı müsabiqənin Münsiflər Heyətinə azərbaycanlı bəstəkarın rəhbərlik etməsi ilk hadisədir. Bütün yaş kateqoriyalarında olan bəstəkarlar üçün nəzərdə tutulmuş, üç mərhələdən ibarət müsabiqənin seçim turuna Rusiyanın, o cümlədən Belorusiya, İtaliya, Kanada, İsveç, Estoniya, Yaponiya, Ukrayna kimi ölkələrindən simfonik orkestr üçün nəzərdə tutulmuş 187 əsər təqdim olunub ki, bunlardan 140-ı ikinci mərhələyə, 6-ı isə final mərhələsinə vəsiqə qazanıb.   Senyabrın 19-da Rusiyanın məşhur dirijoru Andrey Şteynluxtun idarə etdiyi Şostakoviç adına Sankt-Peterburq Akademik Filarmoniyasının Akademik Simfonik Orkestrinin ifasında finala vəsiqə qazanan 6 iştirakçının əsərləri dinlənilib. Firəngiz xanımın sədrlik etdiyi Münsiflər Heyəti həmin əsərlərin arasından final mərhələsində iştirak şansı qazanan 6 qalibi müəyyən edib.   Belə ki, yekun rəyə görə, Sankt-Peterburqdan olan bəstəkar İqor Druxun “Betelqeyze” əsəri 1-ci yerə, isveçli bəstəkar Katarina Leymonun "Buludların Kralı" əsəri 2-ci yerə, Kanadadan Nurulla Xocanın saksofon və orkestr üçün bəstələnmiş “Konsert”i isə 3-cü yerə layiq görülüb.   Bundan başqa daha üç iştirakçıya - Tatarıstan təmsilçisi Elmir Nizamov, Moskva təmsilçisi Alina Podzorova və Sankt Peterburqdan Artur Vabel müsabiqənin diplomları ilə təltif edilib.  

Bənzər yazılar