İyunun ilk 11 günündə dünya üzrə temperatur ilin bu dövrü üçün rekordlar qırıb.
Elchi.az xəbər verir ki, Avropa İttifaqının (Aİ) Kopernik İqlim Dəyişikliyi Xidmətinin məlumatlarına görə, El Nino hava hadisəsinin formalaşmasından və keçən ay rekord qıran dəniz səthinin temperaturundan sonra quruda havanın temperaturu bunun üçün ölçülən ən yüksək orta səviyyəyə çatıb.
İyun ayında qlobal hava istiliyi ilk dəfə sənayedən əvvəlki orta göstəricini 1,5 dərəcə üstələyib.
Paris razılaşması ilə qlobal temperatur artımının 20 və 30 illik dövrlər üçün 1,5 dərəcə ilə məhdudlaşdırılması hədəflənmişdi.
“Hazırkı El Nino hadisəsi inkişaf etməyə davam etsə də, növbəti 12 ay ərzində havanın orta qlobal temperaturunun sənayedən əvvəlki dövrdə 1,5 dərəcədən çox artacağını gözləmək üçün əsas var”, – Kopernik xidmətinin bəyanatında deyilir.
Orta hava istiliyinin yüksəlməsi əvvəllər 1,5 dərəcə həddi keçib. Lakin bu artım ilk dəfə iyun ayında qeydə alınıb. 1,5 dərəcə həddi ilk dəfə 2015-ci ilin dekabrında, daha sonra 2016 və 2020-ci ilin qış və yaz aylarında keçilib.
Ümumdünya Meteorologiya Təşkilatı may ayında açıqladığı hesabatda 2023-2027-ci illər üçün qlobal orta hava istiliyinin ən azı bir il ərzində sənayedən əvvəlki orta göstəricidən 1,5 dərəcə yuxarı qalması ehtimalının 66 faiz olduğunu açıqlayıb.
Şayəstə Hüseynova