Bu gün futbol üzrə 2018-ci il dünya çempionatının Avropa zonası üzrə seçmə qrup mərhələsi çərçivəsində IX turun növbəti görüşləri keçiriləcək. “Report”un məlumatına görə, turun ikinci oyun günündə D, G və İ qruplarında 9 qarşılaşma oynanılacaq.
İ qrupunda yer alan Türkiyə millisi İslandiyanı qəbul edəcək. “Ay-ulduzlular” Eskişehir stadionundakı matçdan qalib ayrılacaqları təqdirdə, ən azı ikinci pilləyə yüksələcəklər. Mirça Luçeskunun baş məşqçi olduğu komandanın liderə çevrilməsi üçün isə Xorvatiyanın Finlandiya ilə ev oyununda xal itirməsi lazımdır.
G qrupunda İspaniya yığması “Qarabağ”ın futbolçusu Ansi Aqollinin kapitanı olduğu Albaniya millisini qəbul edəcək. Aqollinin komandası “pley-off”a vəsiqə verən 2-ci pillə şanslarını demək olar ki, əldən verib. Albaniya 3-cü pilləni əldən verməmək üçün səfərdə xal qazanmağı hədəfləyib. İspaniya isə qələbə qazansa, sona bir tur qalmış DÇ-2018-in final mərhələsinə qrup qalibi kimi birbaşa vəsiqəni təmin edəcək. Bu halda ikinci pillədəki İtaliya üçün Makedoniya ilə qarşılaşma formallığa çevriləcək.
D qrupunda isə Uels səfərdə Gürcüstanı yenə bilməsə, Serbiyaya Avstriya ilə səfər oyununda heç-heçə də kifayət edəcək. İrlandiya isə ilk 2 pilləyə iddiasını davam etdirmək üçün mütləq Moldovaya qalib gəlməlidir.
DÇ-2018
Seçmə qrup mərhələsi, IX tur
6 oktyabr
D qrupu
20:00. Gürcüstan – Uels
22:45. Avstriya – Serbiya
22:45. İrlandiya – Moldova
Xal durumu: Serbiya – 18, Uels – 14, İrlandiya – 13, Avstriya – 9, Gürcüstan – 5, Moldova – 2.
G qrupu
22:45. İspaniya – Albaniya
22:45. İtaliya – Makedoniya
22:45. Lixtenşteyn – İsrail
Xal durumu: İspaniya – 22, İtaliya – 19, Albaniya – 13, İsrail – 9, Makedoniya – 7, Lixtenşteyn – 0.
I qrupu
22:45. Türkiyə – İslandiya
22:45. Xorvatiya – Finlandiya
22:45. Kosova – Ukrayna
Xal durumu: Xorvatiya – 16, İslandiya – 16, Türkiyə – 14, Ukrayna – 14, Finlandiya – 7, Kosova – 1.