Çin, Tesla ilə məşhurlaşan və müasir elektrikli avtomobillərin vazkeçilməz elementi halına gələn gizli qapı tutacaqlarını qadağan edən dünyadakı ilk ölkə olacaq.
Elchi.az xəbər verir ki, bu qərar, xüsusilə qəzalar zamanı elektrik sisteminin sıradan çıxması nəticəsində qapıların açıla bilməməsi və bununla bağlı ölüm hallarının artması səbəbindən qəbul edilib.
Çin Sənaye və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən açıqlanan yeni qaydalara görə, avtomobillərin həm içəridən, həm də xaricdən fiziki müdaxilə ilə açıla bilən mexaniki mexanizmlərə sahib olması məcburi olacaq.
Yeni qaydalar, Çində Xiaomi elektrikli avtomobillərinin iştirak etdiyi və qapıların qəza sonrası kilidlənməsi nəticəsində sərnişinlərin təxliyyə edilə bilmədiyi faciəvi hadisələrdən sonra tətbiq olunur.
Son dövrlərdə Chengdu və Tongling şəhərlərində baş verən qəzalar zamanı, ətrafdakılar yardım göstərməyə çalışsalar da, elektron qapı tutacaqlarının işləməməsi xilasetmə əməliyyatlarının uğursuz olmasına səbəb olmuşdu. Dövlət mediasının məlumatına görə, Çində ən çox satılan 100 yeni nəsil avtomobilin təxminən 60%-ı hazırda bu mübahisəli dizaynı istifadə edir.
01 yanvar 2027-ci ildən qüvvəyə minəcək qaydalara görə, avtomobil qapılarında (baqaj istisna olmaqla) ən azı 6 sm x 2 sm x 2,5 sm ölçülərində bir boşluq olmalı və qapı tutacağı əl ilə tutulacaq şəkildə olmalıdır.
Bundan əlavə, avtomobil içərisindəki mexaniki açma tutacaqlarının yerini göstərən aydın işarələrin olması da məcburi olacaq. Hal-hazırda təsdiqlənmiş və satışa çıxmaq üzrə olan modellər üçün isə dizaynlarını yeniləmələri üçün 2029-cu ilə qədər iki illik əlavə müddət veriləcək.
Dünyanın ən böyük elektrikli avtomobil bazarı olan Çinin bu addımı yalnız yerli markalara deyil, Tesla kimi qlobal istehsalçılara da təsir edəcək.
Ekspertlər proqnozlaşdırırlar ki, istehsalçılar Çin bazarı üçün əlavə dizayn xərclərinə qatlaşmaq əvəzinə, qlobal modellərində də standart mexaniki tutacaqlara qayıda bilərlər. Digər tərəfdən, ABŞ və Avropadakı təhlükəsizlik orqanları da oxşar şikayətlər əsasında gizli qapı tutacağı sistemlərini araşdırmaqda davam edirlər.
Məryəm





















