“Dünən Şükürbəyli – Hadrut yolunun Şükürbəyli kəndindən Cəbrayıl şəhərinədək olan hissəsi istifadəyə verildi. Xeyirli-uğurlu olsun!
Bu yol Cəbrayıl rayonunun Şükürbəyli kəndində (məşhur Şükürbəyli dairəsində) M 6 indeksli Hacıqabul-Bəhrəmtəpə-Horadiz-Mincivan-Ağbənd-Qərbi Zəngəzur yolundan ayrılır, Cəbraıil şəhərinə, oradan isə Hadrut qəsəbəsinədək uzanır. Tikinti işləri mərhələsində yolla tanış olmuşam. Çox möhtəşəm işdir”.
Elchi.az xəbər verir ki, bu barədə nəqliyyat üzrə ekspert Ərşad Hüseynov FB hesabında bildirib:
“Yol hər iki istiqamətdə hərəkət üçün 2 zolaq olmaqla 4 zolaqdan ibarətdir (məlumat üçün bildirirəm ki, Qarabağda və Şərqi Zəngəzurda işğaldan əvvəl yaşayış məntəqələri arasında 4 zolaqı yol olmayıb). Cəbrayıla gedənlər yəqin ki, xatırlayır, köhnə yolun eniş-yoxuşları, döngələri əməlli-başlı düzəldilib, gözəl və geniş bir tras alınıb. İnşallah, yaxın vaxtlarda yolun Hadrut qəsəbəsinədək olan hissəsi də tamamlanacaq.
Bu yolun istismara verilməsi Cəbrayıl şəhərinin və rayonun kəndlərinin bərpasını sürətləndirəcək. Əminəm ki, çox keçməz Cəbrayıl işğaldan əvvəlkindən də gözəl görkəminə qovuşar.
Allah bütün şəhidlərimizə rəhmət eləsin.
Xalqımız, Dövlətimiz və Ordumuz daima var olsun!”.
Şayəstə