İngiltərənin Şərqi Sasseks bölgəsində yerləşən Lyuis (Lewes) şəhəri, şəhər şurasının “Ağac Xartiyası”nı qəbul etməsindən sonra ağaclarına rəsmən hüquqlar tanıyan ilk şəhər oldu. Cümə axşamı Lyuis Şəhər Şurası tərəfindən yekdilliklə təsdiqlənən bu tədbir bütün yerli ağacların, canlı çəpərlərin və meşəlik ərazilərin “daxili dəyərini” rəsmən tanıyır.
Elchi.az xəbər verir ki, qərarda qeyd olunur ki, şəhərin bitki örtüyü “inkişaf etmək və öz təbii həyat dövrlərini, ekoloji funksiyalarını və təkamül proseslərini qoruyub saxlamaq” hüququna malikdir.
Britaniyanın su hövzələri boyunca yerləşən ağaclar və ya qonşu Roter rayonundakı qədim qaraçöhrə (yew) ağacı kimi ayrı-ayrı ağaclar əvvəllər yerli hüquqi bəyanatlara layiq görülsə də, bu qərar ərazidəki bütün ağaclar üçün şəhər miqyasında ilk mühafizə çərçivəsini təşkil edir.
Beynəlxalq “təbiətin hüquqları” hərəkatı
Qlobal miqyasda bu qərar Lyuisi meşələrə və çaylara hüquqi şəxs statusu verən milli qanunlar qəbul etmiş Boliviya, Panama və Yeni Zelandiya kimi ölkələrlə birlikdə, getdikcə genişlənən beynəlxalq “təbiətin hüquqları” hərəkatına qoşulmağa yönəldir.
Ətraf mühit fəalları üçün bu qərar, meşəlik ərazilərin yanğınlar səbəbindən bu ayın əvvəlində bağlanmalı olduğu bir vaxtda qəbul edilib.
Lyuis Şəhər Şurasının üzvü Metyu Bird siyasətin potensial təsiri barədə şərh verərkən qeyd edib ki, Lyuisdəki ağaclar şəhərin simasında və yerli ekologiyada həyati rol oynayır.
Keçən ilin əvvəlində təklifi irəli sürən şura üzvü Dina Morqan ümidvar olduğunu bildirib ki, ağaclara sadəcə passiv resurslar kimi baxılması yanaşması nəhayət ətraf mühiti qorumaq və yaxşılaşdırmaq məqsədilə ağaclarla “tərəfdaşlıq” münasibətlərinə yol açacaq. Tənqidçilər xartiyanın yeni hüquqi səlahiyyətlər vermədiyini və ya məcburi qanunlar müəyyən etmədiyini qeyd etsələr də, şura üzvü Morqan bunun yerli ətraf mühitin idarə olunmasında “mədəni dəyişikliyə” təkan verəcəyinə ümid edir.
Bu təşəbbüs həmçinin yerli hakimiyyət orqanlarına və sakinlərə tikinti layihələri və ağacların kəsilməsi ilə bağlı müraciətlər məsələsində daha çox təsir imkanı verməyi hədəfləyir.
Bu yay müşahidə olunan həddindən artıq isti dalğalarından sonra təşəbbüs həmçinin şəhər ağac örtüyünün daşqınların qarşısının alınması, havanın təmizlənməsi və karbonun udulması kimi həyati ekoloji rolları barədə ictimai məlumatlılığı artırmağa çalışır.
Lyuis beynəlxalq səviyyədə rəsmən akkreditasiyadan keçmiş cəmi iki “arboretum şəhəri”ndən biri olmaqla fərqlənir və müxtəlif, qorunan və yaxşı idarə olunan ağac ehtiyatına malikdir. Yerli ətraf mühit qrupları, oxşar “təbiətin hüquqları” çərçivələrini qəbul etmək məqsədilə “Ouse” çayı hövzəsindəki qonşu yerli idarəetmə orqanları ilə əməkdaşlıq edirlər.
Şayəstə





















