Braziliyanın federal məhkəməsi mesajlaşma xidməti neonasist qruplarının administratorları haqqında məlumatı polislə bölüşməkdən imtina etdikdən sonra Telegram-a müvəqqəti qadağa qoyub.
Elchi.az xəbər verir ki,Braziliya Kəşfiyyat İdarəsinin bəyanatına görə, Google, Apple və dörd Braziliya telekommunikasiya şirkətinə Telegram-ı tətbiq mağazalarından və digər platformalarından silmək əmri verilib.
Telegram məlumatları təqdim etməkdən imtina etdiyi müddətcə gündə 198 min dollar cərimələnəcək.
Noyabr ayında Aracruzda iki məktəbdə dörd nəfəri öldürən və təxminən on nəfəri yaralayan 16 yaşlı gəncin Telegram qruplarında antisemit məzmun yaydığı müəyyən edildikdən sonra polis məlumatların əldə edilməsini istəyib.
Polis tərəfindən Telegram-a edilən məlumat sorğusunda, zorakı ölümləri əks etdirən videoları, bomba hazırlama videolarını, azlıqlara qarşı nifrət təbliğ edən materialları paylaşdığı ifadə edildi.
Müstəntiqlər ekstremist qrup üzvləri ilə idarəçilər arasında əlaqələr və qrupun qatilin cinayətini törətməsinə təsir edib-etməməsi barədə daha çox öyrənməyə ümid edirlər.
Nuranə Məmmədova