Böyük Britaniyanın bir sıra iri hava limanlarının işi hava hərəkətinin idarə edilməsi sistemindəki texniki nasazlıq səbəbindən pozulub.
Elchi.az xəbər verir ki, bu barədə “NBC News” məlumat yayıb.
Problem Londonun Hitrou və Qatvik hava limanlarından, həmçinin Mançester, Edinburq və digər hava limanlarından həyata keçirilən uçuşlara təsir edib. Sərnişinlərə reyslərinin statusunu aviaşirkətlərdən dəqiqləşdirmək tövsiyə olunub.
Hitrou hava limanının rəhbərliyi problemin aradan qaldırılması üçün Britaniyanın Milli Hava Hərəkətinin İdarəedilməsi Xidməti (NATS) ilə birgə işlədiklərini bildirib.
Daha sonra NATS mühəndislərin sistemdə düzəlişlər etdiyini, bundan sonra reyslərin emalı sisteminin bərpa olunmağa başladığını açıqlayıb. Eyni zamanda, xidmət fəaliyyətin tam bərpasının bir qədər vaxt aparacağı barədə xəbərdarlıq edib.
“Ryanair” aviaşirkəti nasazlıq səbəbindən təxminən 65 min sərnişinin zərər çəkdiyini və planlaşdırılmış 50 reysin ləğv edildiyini bildirib.





















