Böyük Britaniyada yüzlərlə uçuş hava nəqliyyatının idarə olunması sistemindəki texniki problem səbəbindən ləğv edilib və fasilələrin davam edəcəyi gözlənilir.
Elchi.az xəbər verir ki, Minlərlə sərnişin fasilədən təsirlənib. Uçuş izləmə veb saytı FlightRadar24, hava nəqliyyatının idarə olunması xidməti təminatçısı olan Nats şirkətinə təsir edən nasazlıq səbəbindən təxminən 1000 uçuşun ləğv edildiyini bildirib.
Şirkətin icraçı direktoru Martin Rolfe, problemin həllinin gözləniləndən daha uzun çəkdiyini qeyd edərək üzr istəyib və hadisə ilə bağlı hərtərəfli araşdırmanın başlanacağını açıqlayıb.
Nəqliyyat naziri Heidi Alexander Rolfeni iclasa çağırıb. Həmçinin bildirilib ki, Aleksandr Parlamentdə nasazlığın kiberhücumdan qaynaqlanmadığını vurğulayacaq.
Uça bilən təyyarələrin sayının məhdud olması səbəbindən eniş əməliyyatları da məhdudlaşdırılıb. Bu vəziyyət xaricdəki hava limanlarında da gecikmələrə səbəb olub.
Şotlandiya və İrlandiyadakı hava limanlarına təsir edən nasazlıq səbəbindən EasyJet 200, British Airways isə 100-dən çox reysi ləğv etdi. Ryanair və Wizz Air kimi aviaşirkətlər agentliyin mövcud strukturunun qeyri-kafi olduğunu iddia edərək hava nəqliyyatının idarə edilməsində əsaslı dəyişikliklər tələb etdilər.
Dayanacaq yerləri dolub; uçuşlar yönləndirilib
Avropanın ən işlək hava limanlarından biri olan Hitrouda uçuşlar günorta saatlarında müvəqqəti olaraq dayandırılıb. Təyyarələr havaya qalxa bilmədiyi üçün hava limanındakı dayanacaq yerləri tutuma çatıb və Hitrouda enməsi planlaşdırılan 13 uçuş Böyük Britaniya və Avropanın müxtəlif hava limanlarına yönləndirilib.
British Airways çərşənbə axşamı günortadan sonraya qədər 100-dən çox reysin ləğv edildiyini və ya digər hava limanlarına yönləndirildiyini açıqlayıb. Şirkət uçuşları ləğv edilən sərnişinlərin hava limanlarına gəlməməli olduqlarını bildirib. FlightRadar məlumatlarına görə, fasilələrdən ən çox Hitrou, Qetvik, Mançester və Birmingem hava limanları təsirlənib.
Şayəstə





















