Birləşmiş Millətlər Təşkilatı (BMT) Somalidə daşqınlardan zərər çəkənlərə təcili yardım üçün beynəlxalq ictimaiyyətə müraciət edib.
Elchi.az xəbər verir ki, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının verdiyi açıqlamada, Şabel çayında son 30 ilin ən şiddətli daşqının olduğu vurğulanaraq, Beledveyne şəhərinin 79 faizinin su altında qaldığı bildirilib.
Bəyanatda 200 mindən çox insanın məcburi köçkün vəziyyətinə düşdüyü, təcili qida və suya ehtiyac duyulduğu, insanların güzəranının tükəndiyi, sudan qaynaqlanan xəstəliklərin artmaqda davam etdiyi bildirilib.
Beynəlxalq ictimaiyyəti Beledveyne şəhəri və daşqından zərər çəkmiş bölgələrə yardım çatdırmağa çağıran bəyanatda hökumətin bölgəyə təcili ərzaq yardımı çatdırmağa başladığı bildirilib.
İndiyədək 460 min insana mənfi təsir göstərən fəlakət nəticəsində 22 nəfər həyatını itirib.
Daşqınların təsirli olduğu bölgədə vəba və malyariya kimi epidemiyaların artacağı qorxuludur.
Qonşu ölkə Efiopiyada mayın 12-də başlayan leysan yağışları nəticəsində 45 nəfər daşqınlarda həyatını itirib.
Nuranə Məmmədova