Yarı çəhrayı, yarı ağ rəngli, üstü çay ləkəli bir neçə termosu vardı sınıq-salxaq arabasında. Üzünün dərisi qırışmış. Saçı səliqəsiz boyanmışdı. Xeyli vaxtdır heç daramırdı deyəsən, pırpızlanmışdı. Dırnaqlarında bir neçə boyanı üst-üstə izi qalmışdı. Əyninə nimdaş ətək, köhnə köynək, üstündən də jilet geyinmişdi. Ən son çəkdiyi rəngsə al qırmızı idi. Dırnaq boyasından çox qələm mürəkkəbinə oxşayırdı özü də…
…Uşaqlığım düşdü yadıma. Yaşca böyük qızların dırnaqlarında boya görüb əməlli həvəslənirdik. Amma istifadə eləməyimizə icazə verən kim idi? “Olmaz” – deyirdi anam – “böyüyün, siz də edərsiniz”. Biz, məhəllənin bir neçə azyaşlı qızı, yaxşı yolunu tapmışdıq dırnaq boyamağın. Qırmızı rəngli qələmin dəmir ucluğunu çıxarıb, dırnağımızın üstünə tuturduq. O biri başından üfürürdük. Boya dırnağımıza axıdırdı. Sonra da kibritin ucu ilə onu dırnağımıza yayırdıq. Əlimiz, dırnağımız pis günə düşürdü. Amma səliqəsiz görünmək, müəllimə, ya da anamızdan alacağımız tənbehlər eynimizə deyildi, əsas o idi ki, dırnağımız boya görürdü…
Bizim o zamankı vəziyyətimizdə idi o. Heç nə eyninə deyildi. Həm də biz eyni illərin adamları idik. 1976-dan… O, həyatın əl işi idi. Təkcə baxmaq yox, həyatın onda çəkdiyi bütün cizgiləri görmək də lazım idi. Görmək də yetmirdi. Həm də dəyərləndirmək vacibdir…
Üzü aşağı enirdi yolu. Köhnə avtovağzala tərəf. Yol boyu əlində çirkli stəkanlarla doldurduğu çayı insanlara satmaq istəyirdi deyəsən. Hər dəfə də çaydan imtina edən adamlara inandırmaq istəyirdi ki, təmiz hazırlayıb çayı. Adamlar ona təkcə inamsızlıq göstərmirdilər. Həm də xoş olmayan görünüşünə görə uzaq qaçırdılar. Biri üçün oynadı, o birinə şer dedi. Gülən güldü, pul verən pul uzatdı, kimi də “rədd ol burdan” dedi. Onun qulağı bu sözlərə o qədər alışıq idi ki, ancaq gülürdü. Diqqət mərkəzində olması xoşuna gəlirdi. Lap söysələr də vecinə deyildi, əsas olan bu idi ki, ona diqqət var. İllər öncəki istədiyi də bu idi… Amma onda qəşəng, gənc idi.
Onu ilk dəfə deyildi görürdüm.
…90-cı illərin əvvəlləri. Gecə idi. Bibimin oğlunu yola salmaq üçün Dəmiryol vağzalına gəlmişik. Qatar səsi. Diktor qız qatar reysləri haqqında məlumatları səsləndirir. Vağzala ilk dəfə gəlirdim. O üzdən hamı, hər şey maraqlı idi. Diqqətimi belə bir dialoq dağıtdı:
– Dur! Dur cəhənnəm ol burdan, səni nə qədər qovmaq olar, üzündə su olsun bir az. Zir-zibilini də yığışdır, get xarabana, bir zibili azalsın bu küçənin dəə, ehh… İçəridə sənin kimiləri o qədərdir ki, adam bezir.
Cavan bir qız idi. Əlində bir neçə torba vardı. İki polis onu qolundan bərk-bərk tutmuşdu. Gözləmə zalından çıxarmaq istəyirdilər… O isə qırıq-qırıq nəsə deyirdi. Həm də ağlayırdı…
– Soyuqdu, so-yuq, bir az qızınım ge-di-rəm. Elə burda baaax burda, az-ca lap azca.
Bir addım qabağa yeridim, yaxınlarımdan biri qolumdan tutub dedi ki, işin yoxdur, avara qızdır, polis düz eləyir. Bibioğlunu yola saldıq. Evə qayıtdım. Rahat ola bilmirdim. Gecə olmasına baxmayaraq, qonşumuza zəng vurdum. Taksi çağırıb, vağzala geri qayıtdım. Bir polis əməkdaşına yaxınlaşıb soruşdum da.
– Neynirsən, avaranın, pozğunun biridir, küçə adamıdır. A bala, get işinlə məşğul ol… Bir dönərlikdi….
Polisin bu sözdən sonra nə baş verdiyini sonda anladacam… Amma sonra o uzaqlaşdı məndən…
Bir xadimə qadın yaxınlaşdı. “Gedək qaldığı yeri göstərim” – dedi. Getdik o vaxtlar 90-ların əvvəllərində vağzalətrafını tanıyanlar yaxşı bilər vağzal pilləkənləri, zirzəmisində həmişə kimsəsiz uşaqlar gizlənərdi polislərdən. İndi bu qız da orda bir sığınacaq düzəltmişdi özünə. Onu tapdıq. Salam verdim.
– Salam
– Niyə burdasınız?
– Kim?
– Siz.
– Mən təkəm axı.
– Mən sizi hörmət əlaməti olaraq dedim.
– Həəə. Yox… Demə, gülməyim gəlir.
– Niyə?
– Nə bilim. Demə dəə…
– Polis nə istəyir səndən?
– Heç nə, elə dərd orasındadır ki, heç nə istəmir…(qəribə qəhqəhə ilə güldü – J.M.)
– Bəs niyə qovur?
– Hərdən kişilərin tualetinə gedirəm.
Bu dəfə baş işarəsi ilə niyə, soruşdum…
– Qruzşikin evi var ki, evə aparsıın? Amma olar da yaxşı evləri olmasa da özlərinə görə bir kişidilər dəə… Gücləri ona çatır, bir də hərdən bir dönər aldırıram, ayrı pulum olmayanda…
Artıq anlamışdım nə demək istədiyini. Bir az söhbəti dəyişmək istədim.
– Sənin heç kimin yoxdu?
– Var. Budey haa…
Əlindəki torbalardan birindən albom çıxardı. Hamısı burdadır.
– Bəs sən niyə burdasan?
– Buralığam ona görə…O vaxt buna (özünün də gəlin kürsüsündə oturduğu şəkildə, yanındakı yaraşıqlı oğlanı göstərir mənə – J.M.) dedim ki, döymə, demə, axırda gedib sən dediyin olacam. Vecinə almırdı ki, mən də bir gün getdim elədim… Dostuynan özü də. Döydü. Qovdu, sonra da boşadı. Mən düz eləməmişdim, amma o da düz eləmirdi dəə. İndi mən neyləyim ki, onun uşağı olmurdu. Olmurdu yox ee, kimi alsaydı olmayacaqdı….
Sonrakı söhbətimizdən aydın oldu ki, həm boşandığına, həm də keçmiş ərinin dostu ilə münasibətlərinə görə ailəsi, yaxınları imtina eləyib ondan. “İşə bax də, əvvəl bircə ərimin dediyini indi hamı deyir mənə, hətta deməyəndə özüm narahat oluram” – qəhqəhə ilə gülür. Sonra yenə davam eləyir:
– Onda deyirdim düz eləməmişəm bəlkə? Amma sonra fikirləşdim ki, yəqin belə olmalıymış. Barışdım. Hamı istəyən oldum. Ləzzət eləyir, hamı rahatdır. Baş götürdüm çıxdım evdən. O çıxan, bu çıxan iki-üç ildir buralardayam. Hansı kişi aparsa, gedib evində qalıram. Aparmağa yeri olmayanlara da bayaq dedim də bir dönər aldırıram…
İyrəncdir, çox iyrənc. O qədər iyrəncdir ki, düşünəndə belə adamın ürəyi bulanır. Amma qınaya bilmirsən…
Sonsuz ər, qaynana, qayınata, ana, ata, cəmiyyət, dostlar, rəfiqələr, qohumlar, iş yoldaşları… Yəni onu onlarca qınayan adam verdi əvvəl. Səbirli, ol, sus, dinmə və sair bu kimi təskinliklər verirdilər hamısı həm də. İndi isə hamı susur…
O isə qaranlıqda əri onu döyüb alçaldandan sonra heç nə eləmirmiş. Sadəcə sillə dəyən üzünü sığallayıb yatırmış. Niyəsini soruşmadım və yəqin düşünürmüş ki, o əl mütləq var: qoruyan, yardıma çatan, haqqın yolunu göstərən, ədalətli, dəstək olan, yıxılmağa qoymayan, sığal çəkən və həmişə əlimdə olan… Və məncə bu, ancaq insanın öz əli olur. O da beləcə öz əlinə güvənmişdi demək…
O, hamı üçün fahişə idi. Bir dönərə bədənini satan fahişə. Bəlkə də təyinatı belə idi yer üzündə. Yük daşıyan, vağzalda yatan, evsiz, bomj kişilərin fahişəsi olmaq…
Bəlkə də o kişilərin arasında kiminsə onu sahiblənməsi ən böyük arzularından idi onun. Və hərdən mənə elə gəlir ki, qadınların bütün üsyanlarının sonunda elə bu durur – onları sahiblənən insanın olması…
Mən bu yazıya qədər o qadına ad qoya bilmirdim. Amma o vaxt polis ad qoymuşdu. “Rədd olsun, gözümə bir də görünməsin, bir dönərlik…” deyəndə, mən diksinmişdim. O polis isə mənim diksinməyimdən diksinmişdi. Yox, əməlli qorxmuşdu. Çünki sözünün gerisində nə deyəcəyini ikimiz də hələ o söz ağızdan çıxmadan bilirdik. Polis çox dəqiq anlamışdı ki, mənim diksinməm onun bərkdən qışqırmasına yox, demək istədiyi sözə idi. O üzdən uzaqlaşmışdı yanımdan. Xeyli aralanandan sonra yəqin daha ona diqqət eləmədiyimi düşünüb, sözünün dalını da gətirmişdi: “…fahişə!” Tam olaraq “bir dönərlik fahişə!” demişdi qadına. Sonra da yerə hikkə ilə tüpürüb, hələ öz tüpürdüyünə bir təpik də vurmuşdu…
Cəmi bir manat əlli qəpik qiyməti olan dönər… O bunu istəmişdi, qarnı tox olsun deyə…
Kişiləri əyləndirmişdi, pul qazansın deyə…Özünə kişilərin diqqətini çəkməyə can atmışdı, bəlkə bir neçə dəqiqəlik də olsa qadınlığını hiss eləmək üçün, lap bir anlıq da olsun saçı sığal görsün deyə… Tanımadığı kişilərin evində olmuşdu, bəlkə bilmək istəmişdi ki, kişili evlər necə olur?…
Bəlkə bir saatlıq da olsa bir kişinin qadını olmaq istəyirdi o, bilmirəm…
Bir onu bilirəm ki, o bu dünyanın içi “bəlkələr”lə dolu olan qadınlarından idi. O danışanda bir şey də diqqətimi çəkdi, hıçqırırdı, amma gözündən yaş axmırdı. Siz heç belə ağladınızmı? Ağırdır, hətta dəhşətlidir. Bu dünyada bir dönərə bədənini, hissini, ruhunu satan qadının olmasını deyirəm, çox ağırdır. Ancaq belə qadını “alan” kişinin olması ondan da ağırdır. Bəlkə də o təkcə fahişə deyildi, kişilərin izzəti-nəfsini yoxlamaq üçün göndəriləndi, bilmək olmaz. O üzdən bir gün sizdən bir dönər istəyən qadın görsəniz, ehtiyatlı olun kişilər!..
Lent.az