Azərbaycanlı aktyor Ədalət Əbdülsəməd dünya şöhrətli aktyor Ceki Çanın baş rolda çəkildiyi yeni filmdə rol alıb.
Aktyor açıqlamasında bildirib ki, o, Ceki Çanın Azərbaycanda çəkilən “Tanrının zirehi” filminin 4-cü hissəsində – “Allahın zirehi: Ultimatum” ekran əsərində rol alıb.
Məlumat üçün bildirək ki, əfsanəvi aktyor Ceki Çanın baş rolu canlandırdığı “Tanrının zirehi” (“Armour of God”) filminin 4-cü hissəsinin çəkilişləri Qazaxıstan və Azərbaycanda aparılır.
Filmin rejissoru Robert Kun, prodüseri isə “Salem Entertainment” şirkətidir. Azərbaycandakı çəkilişlər Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Kino Agentliyinin dəstəyi ilə həyata keçirilir.
“Allahın zirehi: Ultimatum” filmində Ceki Çanın canlandırdığı “Asiya qartalı” ləqəbli personajın macəraları davam etdirilir. Süjetə görə, qəhrəman dəyəri 20 milyon dollardan çox olan “Tumar” adlı qədim artefaktın ələ keçirilməsi uğrunda başlayan qlobal kampaniyanın iştirakçısına çevrilir.
Beləliklə, Ədalət Əbdülsəmədin dünya şöhrətli Ceki Çanla eyni ekran əsərində yer alması Azərbaycan aktyorları üçün də diqqətçəkən hadisələrdən biri kimi qiymətləndirilə bilər.






















