Azərbaycan millisinin UEFA Millətlər Liqasının D Liqasında qrup qalibi olaraq AVRO-2028-in pley-off mərhələsinə vəsiqə qazanmaq şansı var.
Elchi.az xəbər verir ki, yeni sistemə əsasən, 2026/27 mövsümündə D Liqasında mübarizə aparan 6 komandanın hamısı növbəti turnirdə C Liqasında çıxış edəcək. Azərbaycan isə D2 qrupunda Litva və Lixtenşteynlə qarşılaşacaq.
Bununla yanaşı, D Liqasının qrup qaliblərindən biri üçün AVRO-2028-ə əlavə yol açıla bilər. Yuxarı liqalardakı qrup qaliblərinin seçmə mərhələsi vasitəsilə Avropa çempionatına birbaşa vəsiqə qazanması halında yaranacaq boş pley-off yerlərindən biri D Liqasının ən yaxşı qrup qalibinə veriləcək.
Hazırkı hesablamalara görə, Azərbaycan bu göstəricidə əsas namizədlərdən biridir və Maltanı 0,1 xal qabaqlayır. Bunun üçün millimiz əvvəlcə öz qrupunda birinci olmalı, daha sonra digər qrupun qalibini nəticələrinə görə üstələməlidir.
Beləliklə, Azərbaycan millisi Millətlər Liqasındakı nəticələrdən və digər qruplardakı vəziyyətdən asılı olaraq AVRO-2028-in pley-off mərhələsinə düşə bilər.





















