Alman silah istehsalçısı Rheinmetall, bir çox ölkədən sursata olan tələbatı ödəmək üçün partlayıcı maddələr və sursat istehsalçısı Expal Systems şirkətini 1,2 milyard avroya almaq üçün razılığa gəldiyini açıqladı.
Elchi.az xəbər verir ki, bu barədə Rheinmetall tərəfindən edilən açıqlamaya görə, İspaniya mərkəzli partlayıcı və sursat istehsalçısı Expal Systems Rheinmetall-ın satın almaq təklifini qəbul edib.
1,2 milyard avroluq alışın lazımi icazələr alındıqdan sonra 2023-cü ildə başa çatdırılması gözlənilir.
Satınalma ilə Rheinmetall partlayıcı və sursat məhsullarını genişləndirməyi hədəfləyir.
Bu arada Rheinmetall-ın səhmləri bu xəbərdən sonra 5 faizdən çox artaraq 174,60 avroya çatıb.
60-dan çox ölkəyə ixrac edən Expal Systems-in 2023-cü ildə satışlarının təxminən 400 milyon avro olacağı gözlənilir, şirkətin 11 istehsal müəssisəsində 1000-dən çox işçisi var.
Digər tərəfdən, Ukrayna və Rusiya arasındakı müharibə Avropadakı hökumətləri müdafiə xərclərini artırmağa sövq edir ki, bu da öz növbəsində Alman silah istehsalçısı Rheinmetall-ın satışlarının artmasına səbəb olur.
Rheinmetall-ın bu ilin yanvar-sentyabr aylarında yalnız silah və sursat sahəsində aldığı sifarişlər əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3 dəfə artaraq 2 milyard avroya çatıb.
Almaniyada 5 fabriki olan Rheinmetall-da təxminən 24 min insan çalışır. Alman şirkəti Kanada, ABŞ, Böyük Britaniya, Avstriya, İsveçrə, İtaliya, Macarıstan, Cənubi Afrika və Avstraliyada da istehsal edir.
Rheinmetall sursatla yanaşı, tanklar, zirehli nəqliyyat vasitələri, silahlar və zenit sistemləri də istehsal edir.
Avropa İttifaqının bir çox ölkəsi Rusiyanın Ukrayna ilə Rusiya arasında apardığı müharibəyə görə müdafiə büdcələrini artıracaqlarını açıqlasa da, Almaniya hökuməti Almaniya Silahlı Qüvvələrini (Bundesver) gücləndirmək üçün 100 milyard avro dəyərində xüsusi fond yaradacağını açıqlayıb.
Şayəstə