Avropa İttifaqı (Aİ) ölkələrinin Moskvadakı səfirləri Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşdən imtina ediblər. Bu barədə Lavrovun özü məlumat verib.
Elchi.az Rbc.ru-ya istinadən xəbər verir ki, Aİ nümayəndəliyi imtinaya səbəb olaraq Rusiya Xarici İşlər Nazirliyinə etimadın aşağı səviyyədə olmasını göstərib.
Sergey Lavrov deyib ki, avropalı diplomatlarla görüş Rusiyada keçiriləcək prezident seçkilərinə həsr edilməli idi. Lakin planlaşdırılan tədbirdən iki gün əvvəl Xarici İşlər Nazirliyinə səfirlərin görüşə gəlməyəcəyi ilə bağlı xəbər gəlib.
“Planlaşdırılan tədbirə iki gün qalmış, bizə “Gəlməmək qərarına gəldik” qeydi göndərdilər. Səfirləri akkreditə olunduğu ölkənin naziri ilə görüşməkdən çəkinən ölkələrlə diplomatik səviyyədə münasibətləri təsəvvür edə bilərsinizmi? Harda görmüsünüz belə bir şey?”,-deyə Lavrov Soçidə Dünya Gənclər Festivalı çərçivəsində keçirilən müzakirə zamanı deyib.
Yeganə