Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı iqtisadi sanksiyaların müddətini 6 ay uzatdığını açıqlayıb.
Elchi.az xəbər verir ki, Avropa Şurasından verilən açıqlamada, Rusiyanın Ukraynada sabitliyin pozulmasına yönəlik hərəkətləri səbəbindən 2014-cü ildə tətbiq edilən sanksiyaların 31 yanvar 2024-cü ilə qədər uzadıldığı bildirilib.
Aİ-nin sanksiyaları 2022-ci ilin fevralında Rusiyanın Ukraynaya hücumundan sonra uzadılıb.
Rusiyaya qarşı sanksiyalar ticarət, maliyyə, sənaye, texnologiya, nəqliyyat, ikili istifadə və lüks mallar da daxil olmaqla geniş spektrdə davam edir.
Rusiyadan Aİ-yə xam neft və bəzi neft məhsullarının idxalına qadağa qoyulması, bəzi Rusiya banklarının SWIFT beynəlxalq ödəniş sistemindən çıxarılması, bir çox yayım təşkilatlarının fəaliyyətinin dayandırılması sanksiyalardandır.
Aİ-nin Rusiyaya qarşı iqtisadi sanksiyalarının müddəti hər 6 aydan bir uzadılır. Rusiya 2014-cü il martın 18-də Krım Muxtar Respublikası və Sevastopol şəhərini qanunsuz olaraq ilhaq edib. Aİ Rusiyaya qarşı iqtisadi sanksiyaların tətbiqi qərarını ilk dəfə 2014-cü ildə qəbul edib.
Nuranə Məmmədova