Avropa İttifaqı (Aİ) Komissiyası İttifaqın üzvü olan dövlətlərə 2027-ci ilin sonuna qədər Rusiyadan təbii qaz və mayeləşdirilmiş təbii qazın (LNG) idxalını tamamilə qadağan etməyi təklif edib.
Elchi.az xəbər verir ki, Aİ Komissiyası Rusiyadan qaz və neft idxalını mərhələli şəkildə dayandıracaq qanunvericilik təklifi hazırlayıb.
Təklifə əsasən, Rusiyadan gələn boru kəməri qazı və LNG üzv ölkələrdə mərhələli şəkildə dayandırılacaq.
Üzv dövlətlər Rusiyadan təbii qaz və neft idxalına son qoymaq üçün tədbirlər və addımları özündə əks etdirən planlar hazırlayacaqlar.
İdxal qadağası çərçivəsində Rusiyadan yeni müqavilələr üzrə qaz alışı 2026-cı il yanvarın 1-dən dayandırılacaq.
17 iyun 2025-ci il tarixindən əvvəl imzalanmış qısamüddətli müqavilələr üzrə qaz idxalı 2026-cı il iyunun 17-dək davam edəcək. Uzunmüddətli müqavilələr çərçivəsində dənizə çıxışı olmayan ölkələrə boru kəməri qazının tədarükünə 2027-ci ilin sonuna qədər icazə veriləcək.
Uzunmüddətli müqavilələr üzrə idxal 2027-ci ilin sonuna qədər dayandırılacaq.
Beləliklə, Aİ-nin Rusiya qazından istifadəsi faktiki olaraq 2028-ci il yanvarın 1-də başa çatacaq.
Rusiya və ya Rusiya müəssisələri ilə LNG terminal xidmətləri üçün uzunmüddətli müqavilələr də qadağan ediləcək. Belə terminal potensialı alternativ təchizatçılara yönəldiləcəkdir.
Mərhələli yanaşma enerji qiymətlərinə potensial təsirdən və Rusiya qazının idxalının dayandırılması nəticəsində yaranan təchizatın təhlükəsizliyi ilə bağlı problemlər riskinin qarşısını alacaq.
Rusiya qazının tədarük müqaviləsi olan şirkətlərdən Komissiyaya məlumat təqdim etmək tələb olunacaq.
Aİ Komissiyası və Aİ Enerji Tənzimləyicilərinin Əməkdaşlıq Agentliyi (ACER) prosesi yaxından izləyəcək. Enerji təchizatının təhlükəsizliyinə təhlükə yaranarsa, zəruri təxirəsalınmaz tədbirlər görüləcəkdir.
Qanun layihəsinin qüvvəyə minməsi üçün Aİ Şurasına üzv dövlətlərin ixtisaslı əksəriyyətinin səsi və Avropa Parlamentinin (AP) təsdiqi tələb olunur.
2021-ci ilə qədər Aİ istifadə etdiyi təbii qazın 45 faizini Rusiyadan təmin edirdi. Ötən il Aİ-nin Rusiyadan qaz tədarükü dərəcəsi 19 faizə düşüb.
Bir çox Aİ ölkələri hələ də Rusiyadan LNG və boru kəməri qazı almağa davam edir.
Rusiyanın Aİ-nin neft idxalında payı 2022-ci ildə 27 faiz idisə, son vaxtlar bu rəqəm 3 faizə düşüb.
Digər tərəfdən, Macarıstan və Slovakiya qaz alışı qadağasına bunun enerji qiymətlərini artıracağını əsas gətirərək qarşı çıxır.
Nuranə Məmmədova


















