Avropa İttifaqının (Aİ) Daxili İşlər Komissiyasının üzvü Ylva Johansson, son illərdə ABŞ, Almaniya və Braziliyada demokratik təsisatlara qarşı hücumların həyata keçirildiyini və bu hücumların siyasi zorakılıq olduğunu bildirib.
Elchi.az xəbər verir ki, Ylva Johansson, Aİ-nin Baş Assambleyasında keçirilən həddindən artıq sağçı şəbəkələrin yaratdığı terror təhlükəsi mövzusunda sessiyada etdiyi çıxışında son zamanlar Vaşinqton, Berlin və Braziliyada demokratik təsisatların hücuma məruz qaldığını və bu hücumların təkrarlana biləcəyini deyib:
“Bu gün biz internetdə baş verən yeni bir təhlükədən-siyasi zorakılıqdan danışırıq. Bunu həyata keçirənlər populist liderlərdən ilhamlanırlar və ifrat sağçı ideologiya ilə hərəkət edirlər. Onlar Vaşinqtonda, Berlində, Braziliyada uğursuzluğa düçar oldular, lakin onlar yenidən həmin əməlləri edə bilərlər”.
Bu qrupların uğursuzluğa düçar edilməli olduğunu vurğulayan Yohansson qeyd edib ki, belə bir təhlükə ilə mübarizə üçün müvafiq qanunlar və əməkdaşlıq qurulmalıdır:
“Demokratlar olmadan demokratiya ola bilməz. Biz səsimizi ucaltmalı və “Əllərinizi qurumlarımızdan, siyasətçilərimizdən, məclislərimizdən çəkin. Bunlar sizə aid deyil” deməliyik”.
Xatırladaq ki, ABŞ-da keçirilən son prezident seçkilərindən sonra keçmiş prezident Donald Trampın tərəfdarları 2021-ci il yanvarın 6-da Konqresə basqın ediblər.
Almaniyada dekabrın 7-də polis Almaniya Federativ Respublikasını və onun demokratik təsisatlarını tanımayan “İmperator vətəndaşları” qrupunun üzvlərinə qarşı əməliyyat keçirib. Keçmiş əsgər, polis və hakimlərin də olduğu 25 nəfər terror təşkilatına üzv olmaq və silahlı çevriliş planlaşdırmaq ittihamı ilə saxlanılıb.
Braziliyada isə oktyabrda keçirilən seçkilərdə uduzan sağçı keçmiş prezident Jair Bolsonaro tərəfdarları Milli Konqresə, Prezident Sarayına və Ali Məhkəməyə hücum ediblər.
Yeganə