Wall Street Journal (WSJ) qəzeti ABŞ və İsrail arasında kəşfiyyat məlumatlarının mübadiləsini artırmaq üçün əldə edilən gizli razılaşmanın Vaşinqton administrasiyasının Qəzzada dinc insanların ölümünə töhfə verdiyinə dair narahatlıqların artmasına səbəb olduğunu bildirib.
Elchi.az məlumatına görə, WSJ-yə açıqlama verən ABŞ rəsmiləri 7 oktyabr 2023-cü il tarixindən qısa müddət sonra kəşfiyyat şəbəkəsini inkişaf etdirmək üçün ABŞ və İsrail arasında gizli razılaşma əldə edildiyini bildiriblər. Həmin dövrdə ABŞ-ın Qəzzaya qarşı kəşfiyyat fəaliyyətini artırdığı qeyd edilib.
Səlahiyyətlilər məxfi memorandum çərçivəsində paylaşılan məlumatların beynəlxalq hüquq normalarına uyğun olduğunu bildiriblər.
Bunun mülki əhali arasında tələfat və ya infrastruktura zərər verməyəcək şəkildə istifadə edilməsi lazım olduğu bildirilsə də, İsrailin ABŞ-dan aldığı kəşfiyyat məlumatlarından hansı məqsədlə və hansı istiqamətdə istifadə etdiyi təsdiqlənmir. Bu, ABŞ-ın Qəzzada dinc əhalinin itkisinə səbəb olan İsrail hücumlarına töhfə verməsi ilə bağlı narahatlıqları artırır.
Şayəstə Hüseynova