2001-ci il sentyabrın 11-də Nyu-Yorkda törədilən terror aktlarını yanğın pilləkənindən videoya çəkməyə müvəffəq olan qadın sənədli film yaradıcıları ilə danışıqlar aparır.
Elchi.az xəbər verir ki, bu barədə “The New York Times” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, Tuk Doan Nquyen-Brofinin çəkdiyi materiallar Nyu-Yorkun Çaynataun məhəlləsinin terror aktından sağ çıxan sakinlərindən bəhs edən “Mənim yanğın pilləkənim” (My Fire Escape) qısametrajlı filmində istifadə olunacaq. Qadının seyfində 20 ildən artıq qalan videoyazıda Şimal qülləsindən qalxan qatı qara tüstü və ikinci təyyarənin Cənub qülləsinə çırpıldığı an əks olunub.
Nəşrdə qeyd olunur ki, Nquyen-Brofi yanan binalardan tullanan insanları görməkdən qorxduğu üçün uzun müddət bu materiala baxmaqdan çəkindiyini etiraf edib. Lentə baxan 11 Sentyabr Muzeyinin kuratoru Dilan Uilyams Çaynataundakı mənzilin yanğın pilləkənindən çəkilmiş kadrların unikallığını təsdiqləyib.
2001-ci il sentyabrın 11-də “Əl-Qaidə” qruplaşmasının 19 terrorçusu ABŞ-də dörd sərnişin təyyarəsini ələ keçirib. Onlardan ikisini həmin vaxt Nyu-Yorkun ən hündür binaları olan Ümumdünya Ticarət Mərkəzinin qüllələrinə, üçüncüsünü isə Vaşinqton ətrafındakı Pentaqon binasına yönəldiblər. Dördüncü təyyarə də ABŞ paytaxtı istiqamətində hərəkət etsə də, Şanksvill şəhəri yaxınlığında qəzaya uğrayıb. Terror aktları nəticəsində 2977 nəfər həlak olub.
Məryəm





















