ABŞ Rusiya qazının Avropaya tədarükünü sıfıra endirmək istəyir.
Elchi.az xəbər verir ki, bunu ABŞ Energetika Nazirliyinin rəhbəri Kristofer Rayt deyib.
Onun sözlərinə görə, ABŞ-ın müttəfiqləri enerjini rəqiblərdən deyil, etibarlı dostlarından almalıdırlar. Buna görə də Vaşinqton Amerika karbohidrogenlərinin dünya üzrə müttəfiqlərinə ixracına nail olmağı qarşısına məqsəd qoyub. Avropaya münasibətdə bu, xüsusilə aktual məsələdir, çünki onun aldığı təbii qazın demək olar ki, 50 faizi Rusiyadan gəlir.
“Biz bu rəqəmi sıfıra endirməyə çalışırıq” deyən Rayt, ABŞ-ın Avropa bazarında qaz tədarükçüsü kimi Rusiyanın yerini tutmaq istədiyini vurğulayıb.
Daha əvvəl Rayt bildirmişdi ki, Avropa ABŞ-a 2026-cı ilin sonuna qədər Rusiyadan istənilən formada qaz alışını tamamilə dayandıracağına söz verib. Onun sözlərinə görə, 2027-ci il yanvarın 1-dən etibarən Rusiyanın bu enerji resursu artıq mövcud olmayacaq. 2025-ci ilin sonuna qədər onu spot müqavilələrlə almaq olar.
Nuranə Məmmədova





















