Marsın “Gale” kraterində 14 ildir tədqiqat aparan NASA-nın “Curiosity” roveri planetin geoloji tarixi ilə bağlı yeni və qeyri-adi bir xüsusiyyət aşkar edib.
Elchi.az xəbər verir ki, “Sharp” dağının sulfatla zəngin təbəqələrinin yerləşdiyi “Valle Grande” bölgəsinə qalxarkən, rover yer səthində hər birinin eni təxminən bir santimetr olan kiçik və dayaz deşiklər qeydə alıb.
Əvvəllər rast gəlinən çuxurlardan fərqli olaraq, bu deşiklərin ətrafında eroziya nəticəsində yaranan çınqıl və ya mineral qırıntıları aşkar edilməyib.
Bu strukturların son dərəcə dayaz və geniş olması, “Qırmızı Planet”dəki məlum eroziya proseslərindən fərqli bir ssenariyə işarə edir.
Fotoşəkillər təhlil edilir
Deşiklərin yaranma mexanizmini anlamaq üçün “Curiosity” komandası roverdə quraşdırılmış MAHLI və “Mastcam” kameralarını işə salıb.
Bildirilir ki, ərazinin yaxından çəkilmiş şəkilləri və 3D səth modelləri vasitəsilə tədqiqatlar davam etdirilir.
Bu yaxınlarda “Sharp” dağına qalxarkən 1000 metrlik yüksəklik artımı mərhələsini geridə qoyan “Curiosity”, bölgənin müxtəlif süxur təbəqələrinin kimyəvi tərkibini və eroziya xüsusiyyətlərini öyrənməyə davam edir.
Alimlər yeni aşkar edilmiş bu strukturların əvvəllər məlum olmayan bir eroziya prosesindən, yoxsa süxurların fərqli fiziki xüsusiyyətlərindən qaynaqlandığını müəyyən etmək üçün məlumatları təhlil etməyə davam edəcəklər.
Şayəstə





















