Yaponiyanın qırıcı təyyarələri Şərqi Çin dənizinin mübahisəli sularında Çinin kəşfiyyat təyyarələrinə qarşı önləmə uçuşu icra edib.
Elchi.az xəbər verir ki, Yaponiya Müdafiə Nazirliyinin bəyanatına əsasən, ötən gün ölkənin cənubundakı Naqasaki və Okinava prefekturalarının sahilləri yaxınlığında Çinə məxsus “Y-9” tipli kəşfiyyat təyyarələrinin uçuşları qeydə alınıb.
Qurumdan bildirilib ki, buna cavab olaraq Yaponiya Hava Özünümüdafiə Qüvvələrinin (ASDF) qırıcıları həmin bölgədə önləmə uçuşunu yerinə yetirmək üçün havaya qaldırılıb.
Bəyanatda qeyd olunur ki, Okinava sahillərində olan “Y-9” təyyarələri kursunu dəyişərək şimal-şərqə doğru yönəlib, daha sonra Dendjo adalarından cənubda marşrutu yenidən dəyişərək materik Çini istiqamətinə üz tutublar.
“İnsident zamanı Yaponiyanın hava məkanının pozulması halı qeydə alınmayıb”, — deyə bəyanatda vurğulanır.
Müdafiə Nazirliyi Yaponiyanın Çinin addımlarına qarşı diqqətli və ayıq-sayıqlığı saxlamaqda davam edəcəyini bəyan edib.
Bəyanata ASDF tərəfindən hazırlanan və Çin “Y-9” təyyarələrinin Şərqi Çin dənizinin mübahisəli suları üzərindəki marşrutunu əks etdirən xəritə də əlavə olunub.
Şərqi Çin dənizindəki mübahisəli adalar, kontinental şelf məsələləri, hava hücumundan müdafiə zonaları, eləcə də neft və təbii qaz kəşfiyyatı və hasilatı rayonları vaxtaşırı Çin, Yaponiya və Cənubi Koreya arasında fikir ayrılıqlarının mənbəyinə çevrilir.
Məryəm





















