Beynəlxalq birlik hər bir ayrı-ayrı ölkənin qanuni hüquq və mənafelərinə hörmətlə yanaşmalı və yenidən “cəngəllik qanunları” dövrünə qayıdışa imkan verməməlidir.
Elchi.az xəbər verir ki, bunu Çin Xalq Respublikasının Sədri Si Cinpin Şanxayda BMT-nin Baş katibi Antoniu Quterreş ilə keçirdiyi görüşdə bəyan edib.
“Biz ədaləti və hüququ müdafiə etməliyik, çünki hər bir ölkə beynəlxalq birliyin bərabərhüquqlu üzvüdür; hər bir ölkənin suverenliyinə, ərazi bütövlüyünə, qanuni hüquq və mənafelərinə hörmət edilməlidir. Biz dünyanın yenidən cəngəllik qanunları dövrünə qayıtmasına heç vaxt imkan verməməliyik”, — deyə Si Cinpin bildirib. Onun sözlərinə görə, hazırkı beynəlxalq şərait qeyri-sabit və xaotikdir, bu isə həqiqi çoxtərəfli yanaşmanın tətbiqini, həmçinin BMT-nin statusunun və rolunun yenidən canlandırılmasını tələb edir.
O, BMT Nizamnaməsinin məqsəd və vəzifələrinə sadiqliyin, eləcə də İkinci Dünya müharibəsindən sonra bərqərar olmuş beynəlxalq sistemin və qaydaların qorunmasının vacibliyini qeyd edib.
Çin rəhbəri bildirib ki, rəsmi Pekin böyük dövlətlərin birgə dinc yanaşı yaşaması üçün düzgün yolun tapılması istiqamətində ardıcıl olaraq konkret addımlar atır və bununla da dünyaya daha çox sabitlik və inam gətirir. O əlavə edib ki, Çin dünyada sülhü və inkişafı təşviq etmək məqsədilə BMT ilə əməkdaşlığı daha da dərinləşdirəcək.
Görüş iyulun 17-dən 20-dək Şanxayda keçirilən Ümumdünya Süni İntellekt Konfransı çərçivəsində baş tutub.
Məryəm





















