Müasir dövrdə enerji sahəsində təsir yalnız hasilat həcmi ilə ölçülmür.
Elchi.az xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov Bakıda keçirilən “OPEC+” Əməkdaşlıq Xartiyasının (Charter of Cooperation – CoC) Texniki Komitəsinin ilk iclası zamanı bildirib.
Onun sözlərinə görə, bu təsir təhlükəsiz və şaxələndirilmiş tədarük marşrutları, etibarlı tərəfdaşlıqlar və fasiləsiz enerji təchizatı ilə müəyyən olunur.
“Məhz buna görə də Azərbaycanın strateji əhəmiyyəti istehsal etdiyi enerji həcmi ilə deyil, regionlar və bazarlar arasında etibarlı bağlantı yaratmaq qabiliyyəti, tərəfdaşlarının enerji təhlükəsizliyinə verdiyi töhfə və etibarlı tərəfdaş kimi qazandığı inamla ölçülür. Bu etimad Azərbaycanın OPEC+ çərçivəsində fəal iştirakı ilə daha da möhkəmlənir”, – nazir qeyd edib.
Onun sözlərinə görə, əməkdaşlığın əsas istiqamətləri, o cümlədən iri neft istehlakçısı ölkələrlə dialoqun gücləndirilməsi, neft sənayesində texnologiyaların, innovasiyaların və investisiyaların təşviqi, tənzimləyici siyasətlər üzrə əməkdaşlığın möhkəmləndirilməsi, neft bazarının analitik təhlilinin təkmilləşdirilməsi və sənaye standartlarının inkişaf etdirilməsi OPEC+ çərçivəsində əməkdaşlığın daha da dərinləşdirilməsi və gələcək çağırışların həlli baxımından xüsusi əhəmiyyət kəsb edir.
Nazir bildirib ki, hazırda Azərbaycan nefti Avropa və Asiyanın 20-yə yaxın ölkəsinə ixrac olunur. Kondensat da daxil olmaqla gündəlik neft hasilatı orta hesabla 553 min barel, ixrac isə 445 min barel təşkil edir.





















