Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti ilə birgə Mərkəzin inzibati binasında “Su hövzələrində təhlükəsizliyin təmin olunması” mövzusunda müşavirə keçirib.
Bu barədə Elchi.az-a FHN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, müşavirədə Lənkəran Şəhər və Astara Rayon İcra hakimiyyətlərinin və inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin, bələdiyyələrin, çimərlik operatorlarının, hüquq-mühafizə, təcili tibbi yardım bölmələrinin, yerli gigiyena və epidemiologiya mərkəzlərinin və digər aidiyyəti qurumların məsul şəxsləri, eləcə də sahilboyu iaşə obyektlərinin nümayəndələri iştirak ediblər.
Tədbirdə sözügedən rayonların ərazisindəki su hövzələrində keçirilən monitorinqlərin nəticələri barədə məlumat verilib, aşkar olunmuş nöqsanlar fotoslaydlarla nümayiş olunaraq onların aradan qaldırılması yolları geniş müzakirə edilib.
Müşavirədə çıxış edənlər, həmçinin yay mövsümündə çimərliklərdə vətəndaşların təhlükəsizliyinin təmin olunması qaydaları, maarifləndirmə işinin vəziyyəti, ölkə ərazisindəki su hövzələrində həyata keçirilmiş aidiyyəti təhlükəsizlik tədbirləri ilə bağlı məlumatlar veriblər.

























