Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən elan edilmiş qrant müsabiqəsi çərçivəsində “Cığır” Mənəvi Dəyərlərin İnkişafına Dəstək İctimai Birliyinin “Milli-mənəvi dəyərlər və mədəni irsin təbliği” adlı layihəsinin açılış tədbiri baş tutub.
Tədbirdə H. Cavid adına Ev Muzeyi, Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Milli Xalça Muzeyi və Dövlət Teatr Muzeyinin nümayəndələri, eləcə də AMEA Folklor İnstitutunun əməkdaşları, layihə iştirakçıları və digər qonaqlar iştirak ediblər.
Birliyin sədri və layihə rəhbəri Nüşabə Hüseynova layihənin məqsədi, qarşıya qoyulan vəzifələr və nəzərdə tutulan fəaliyyətlər haqqında ətraflı məlumat verib. Tədbir insanın yaddaşını, kökünü və gələcəyə ötürülən işığı simvolizə edən “Xatırlayan ip” adlı tamaşa ilə davam edib. Daha sonra layihənin təlimçilərinə söz verilib:
İlk öncə Birliyin təsisçisi, filologiya üzrə fəlsəfə doktoru Yeganə Mirzəyeva “Milli-mənəvi dəyərlərin həyatımızdakı fundamental rolu” haqqında çıxış edib.
Daha sonra isə Azərbaycan Memarlıq və İnşaat Universitetinin müəllimi, doktorant Elbəy Əliyev “Mədəni irsin fərdin və cəmiyyətin özünüdərk prosesindəki əhəmiyyəti” haqqında fikirlərini bölüşüb.
Layihəyə göstərdiyi maliyyə dəstəyinə görə Mədəniyyət Nazirliyinə, tədbirdə iştirak etdikləri üçün bütün qonaqlara təşəkkür edirik.






















