Tayland yarasaları Nipah virusunun daşıyıcılarıdır.
Elchi.az xəbər verir ki, bu barədə “Bangkok Post” qəzeti Krallığın Səhiyyə Nazirliyinə istinadla yazır.
Nazirliyin məlumatına görə, virus yalnız bəzi yarasalar tərəfindən daşıyılır, böyük təhlükə isə bu xəstəliyin episentrində olan ölkələrdən gələn yoluxmuş insanlardan gəlir.
Səhiyyə nazirinin müavini Sofon İamsirita Uorn jurnalistlərə bildirib ki, Taylandda meyvə yeyən yarasalarda Nipah virusu aşkar edilib, lakin virusun konsentrasiyası epidemiyaların baş verdiyi ölkələrdəki qədər yüksək deyil.
“Taylandda təsdiqlənmiş xəstəlik hadisəsi olmayıb. Narahatlıq digər ölkələrdə, xüsusilə Banqladeş və Hindistanın Qərbi Benqal ştatında var. Bu ölkələr Taylanddan uzaqda yerləşsə də, müşahidə aparmaq lazımdır, çünki həmin ölkələrdən Suvarnabhumi, Don Mueang və Puket aeroportlarına birbaşa uçuşlar mövcuddur,” — deyə o bildirib.
Rəsmilər qeyd edib ki, bu aeroportlarda sadalanan ölkələrdən gələn sərnişinlərin yoxlanışı davam etdirilir.
Daha əvvəl Hindistanda müalicəsi mümkün olmayan xəstəliyin epidemiyası baş vermişdi.
Nipah virusu həm simptom göstərməyən infeksiya, həm də kəskin tənəffüs xəstəlikləri şəklində özünü göstərə bilər. Onun simptomlarına hərarət, baş ağrısı, əzələ ağrıları, qusma və boğaz ağrısı daxildir, ağır hallarda isə baş beyin iltihabı yarana bilər ki, bu da iki gün ərzində komaya gətirib çıxara bilər.
Məryəm





















