ABŞ prezidenti Donald Tramp Ukrayna ilə sülh razılaşması əldə etmək üçün Rusiyaya 10 gün vaxt verdiyini və bu müddətin sonuna qədər razılaşma əldə olunmasa, sanksiyaların tətbiq ediləcəyini açıqlayıb.
Elchi.az xəbər verir ki, Prezident Tramp Şotlandiyadan ABŞ-a qayıdarkən təyyarədə mətbuatın suallarını cavablandırıb.
Dünən “Rusiyaya 10-12 gün verirəm” açıqlaması ilə bağlı suala Tramp “Bu gündən etibarən Rusiyaya 10 gün verirəm. Sonra tariflər və buna bənzər şeylər tətbiq edəcəyik. Bunun Rusiyaya təsir edib-etməyəcəyini bilmirəm. Aydındır ki, Putin müharibəni davam etdirmək istəyir, amma biz tariflər tətbiq edəcəyik” deyib.
Tramp iki ölkə arasında sülh razılaşmasının mümkün qədər tez əldə olunmasını istədiyini, lakin Rusiyanın bunun üçün heç bir səy göstərmədiyinə inandığını bildirib.
Dünən verdiyi açıqlamadan sonra Putindən heç bir cavab almadığını deyən Tramp “Əsl ayıbdır” deyib.
Şayəstə Hüseynova


















